Ötən il Azərbaycanda aqrar sahədə toplam məhsul istehsalı 14 milyard manat olub
2025-ci ildə Azərbaycanda aqrar sahədə toplam məhsul istehsalı 14 milyard manat olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bildirib.
Onun sözlərinə görə, bu istehsal iki sahə - heyvandarlıq və bitkiçilik arasında demək olar ki, əlli-əlliyə paylanıb: "Bu da bizə əsas verir ki, hər iki istiqamətin ölkənin aqrar sahəsinin inkişafında önəmli rolu olduğunu nəzərə alaq və prioritetlərimizi ona görə müəyyənləşdirək. Ümumilikdə aqrar sahədə meyvə-tərəvəz, əkinçilikdə dənli paxlalılar və kartof, heyvandarlıqda süd, mal əti, quş əti, qoyun əti və yumurta önəmli istehsal payına malikdir. Meyvə-tərəvəz istehsalı ölkə üçün həm məşğulluğun artırılmasında, həm aqrar istehsalda əlavə dəyərin yaradılmasında, həm də ixrac potensialının yüksəldilməsində faydalı olur. Dənli paxlalı bitkilərin istehsalı isə ümumilikdə digər bitkiçilik məhsulları ilə müqayisədə iqtisadi səmərəliliyi aşağı olsa belə, ərzaq təhlükəsizliyi nöqteyi-nəzərdən Sizin vurğuladığınız kimi çox əhəmiyyətlidir və ona görə də bu bizim üçün prioritet istiqamətlərdən biri olaraq qalacaq. Süd və ət istehsalının aqrar sahədə payı olduqca yüksəkdir. Bu da bizə əsas verir ki, yeni Dövlət Proqramında heyvandarlığın inkişaf etdirilməsi istiqamətində prioritet sahələrə önəm verək".








