Qazaxıstanda NDU-dan fərqli və yaddaqalan təqdimat

Qazaxıstanda NDU-dan fərqli və yaddaqalan təqdimat

16 Aprel 2026

Naxçıvan Dövlət Universiteti təkcə ölkədaxilində deyil, həmçinin beynəlxalq arenalarda sözünü deyə bilən, fəallığı və təşəbbüsləri ilə seçilən ali təhsil müəssisələrindən biridir. Ötən günlərdə Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universitetində keçirilən “Study in Azerbaijan” təhsil sərgisində Naxçıvan Dövlət Universiteti geniş təqdimatı ilə diqqət mərkəzində olub.

NDU-nun rektoru Elbrus İsayevin rəhbərlik etdiyi nümayəndə heyəti sərginin açılış mərasimində iştirak edərək universiteti beynəlxalq platformada layiqincə təmsil edib.

Beləki, elm sərgisi olmasına baxmayaraq NDU kollektivi elm və mədəniyyətin vəhdət təşkil etdiyini əyani şəkildə göstəriblər. Universitetin İncəsənət fakültəsinin əməkdaşları bir-birindən maraqlı çıxışları ilə izləyicilərin yaddaşında yer etməyi bacarıblar. Səhnədə “Turacı”, “Naz eləmə”, “Koroğlu” operasından “Cəngi” rəqsləri, əməkdar artistlərimiz Zülfiqar Mahmudovun ifasında “Ana yurdum”, Mübariz Əsgərov ifasında isə “Arşın mal alan” operasından Əsgərin mahnısı xüsusi rəğbətlə qarşılanıb. NDU kollektivinin səsləndirdiyi “Türküstan” mahnısı isə beynəlxalq arenada təmsil olunan bütün türk dünyasını canlandırmağı bacarıb.

Bununla da NDU-nun illərlə formalaşan akademik gücü ilə yanaşı, zəngin mənəvi dünyası da öz sözünü deyib.

Səfər çərçivəsində NDU nümayəndə heyəti akademik əməkdaşlığın genişləndirilməsi istiqamətində də mühüm addımlar atıb. Belə ki, səfərin birinci günündə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Qazaxıstan və Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrinin II Rektorlar Forumunda iştirak edərək Qazaxıstanın bir sıra nüfuzlu universitetləri ilə əməkdaşlıq memorandumları imzalayıb. Ualikhanov Universiteti, Cənubi Qazaxıstan Tibb Akademiyası, Almatı Menecment Universiteti, Yessenov Universiteti, Sarsen Amanjolov adına Şərqi Qazaxıstan Universiteti, Qazaxıstan Tibb Universiteti KSPH ilə imzalanan memorandumlar akademik mübadilə, birgə elmi fəaliyyət və ikili diplom proqramlarının həyata keçirilməsi üçün yeni imkanlar yaradır.         Gün ərzində Naxçıvan Dövlət Universitetinin rektoru ilə IAAR - Beynəlxalq Akkreditasiya Şirkəti  arasında da görüş baş tutub. NDU-nun tədrisi ingilis dilində olan üç təhsil proqramının beynəlxalq akkreditasiyasına dair yekun razılığa gəlinib.

Sərginin rəsmi açılış mərasimi Azərbaycan və Qazaxıstanın elm və təhsil nazirlərinin, eləcə də ali təhsil müəssisələrinin rəhbər şəxslərinin iştirakı ilə baş tutub və tədbir simvolik lent kəsimi ilə açıq elan edilib.

Səfərin ikinci günündə Qazaxıstanın ali təhsil müəssisələrinə və məktəb şagirdlərinə Azərbaycan universitetlərində təhsil imkanları barədə geniş məlumat verilib. NDU-nun stendində universitetin ixtisasları, təhsil proqramları, əcnəbi tələbələr üçün yaradılmış şərait, akademik mobillik və ikili diplom imkanları ətraflı şəkildə təqdim olunub. Bununla yanaşı, stenddə NDU-nun loqosunu daşıyan promomateriallar, broşurlar, çap versiyada məlumatlar, eyni zamanda tanıtım filmi də yer alıb. Əcnəbi tələbələr üçün QR kodlarla müxtəlif dillərdə süni intellekt vasitəsilə sual-cavab və məlumat imkanları təqdim edilib. Qonaqlara rus və ingilis dilində universitetin əməkdaşları tərəfindən şifahi təqdimatlar edilib. Stenddə həmçinin Naxçıvan duzundan hazırlanmış suvenir və müxtəlif əl işləri də sərgilənib.

Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev də NDU-nun stendi ilə tanış olaraq universitetin fəaliyyəti və beynəlxalq əlaqələri barədə təqdimatı dinləyib.

Sərginin son günündə də tədbir uğurla davam etdirilib. Sərgi zamanı təşkil olunan lotereya oyununun nəticəsinə əsasən üç qazaxıstanlı şagird Naxçıvan Dövlət Universitetində təqaüdlə təhsil almaq imkanı qazanıb. Seçilən şagirdlər qəbul olunduqları təqdirdə universitetdə təqaüdlə təhsil alacaqlar.

Günün sonunda universitetin yaradıcı kollektivləri tərəfindən təqdim olunan musiqi nömrələri tədbirə xüsusi rəng qatıb və sərgi yüksək səviyyədə yekunlaşıb.

Məlumat üçün qeyd etmək istərdim ki, NDU kollektivi üçün bu çıxış ilk təcrübə deyil. Universitet əməkdaşları bundan əvvəl də Fransa, Türkiyə, İordaniyada və digər ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə uğurla çıxış edərək zəngin təqdimat təcrübəsi formalaşdırıb.

Beləliklə, “Study in Azerbaijan” sərgisi Naxçıvan Dövlət Universiteti üçün növbəti beynəlxalq uğur səhifəsinə çevrilib. Bu təqdimat bir daha sübut etdi ki, NDU yalnız bilik verən bir məkan deyil —  həm də mədəni mühit formalaşdıran, dəyərləri yaşadan və onları dünyaya təqdim etməyi bacaran bir ocaqdır.

Badəm ƏLİYEVA

NDU, Media və ictimaiyyətlə əlaqələr şöbəsi