Qiymətlər necə formalaşır və dövlət nə vaxt müdaxilə edir? - ŞƏRH
Azərbaycanda bazar mexanizmi müasir iqtisadi sistemin əsas tənzimləyici alətidir. Tələb, təklif, rəqabət və qiymət amillərinin qarşılıqlı təsiri bazarın işləməsini təmin edir. Müstəqillikdən sonra ölkə planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçib, hazırda isə qarışıq bazar modeli tətbiq olunur. Əksər mal və xidmətlərin istehsalı, bölgüsü və satışı özəl sektor tərəfindən həyata keçirilir, qiymətlər isə bazar siqnallarına uyğun müəyyənləşir.
Mövzu ilə bağlı iqtisadçı Cavadxan Qasımov "NAXÇIVANXƏBƏRLƏRİ"-nə şərh verib.
O, bazar mexanizminin işləməsində sahibkarlıq subyektlərinin rolunu qeyd edib:
İstehsalçılar bazara daha çox mənfəət gətirən məhsullar çıxarır, istehlakçılar isə seçimlərini ehtiyac və alıcılıq qabiliyyətlərinə uyğun edir. Məhsula tələb artdıqda qiymət yüksəlir, bu isə yeni istehsalçıların bazara daxil olmasına stimul verir. Təklif artdıqda isə qiymətlər enir və bazar tarazlığa doğru hərəkət edir. Rəqabət güclü olduqda mexanizm daha səmərəli işləyir. Dövlət bazarın normal fəaliyyətini təmin etmək üçün vergi, gömrük, pul-kredit siyasəti, bank nəzarəti və antiinhisar fəaliyyətindən istifadə edir. Strateji sahələrdə isə – enerji, kommunal xidmətlər, nəqliyyat tarifləri kimi istiqamətlərdə tənzimləmə tətbiq olunur, lakin ümumi iqtisadi mühit bazar prinsiplərinə əsaslanır.
İqtisadçı qiymət limiti tətbiq etməyin yaradacağı risklərdən danışıb:
Maksimum qiymət limiti məhsul qıtlığına səbəb ola bilər. Qiymət bazar dəyərindən aşağı müəyyən edilərsə, istehsalçılar məhsulu bazara çıxarmaqda maraqlı olmur, tələbat isə artaraq tarazlığı pozur. Minimum qiymət limiti isə artıq təklif yaradır, satılmayan mal yığılıb qalır və resurslar səmərəsiz istifadə olunur. Ümumilikdə, qiymət limitləri bazarın təbii siqnallarını pozur və uzunmüddətli səmərəliliyi aşağı salır.
Mütəxəssis ərzaq bazarında qiymət tənzimləməsinin əhəmiyyətini vurğulayıb:
Ərzaq bazarında qiymət artımının qarşısını almaq üçün yerli istehsal stimullaşdırılır, idxal siyasəti tənzimlənir və dövlət ehtiyat fondlarından istifadə olunur. Ərzaq yarmarkaları və birbaşa satış platformaları vasitəsilə vasitəçilərin sayı azaldılır, beləliklə qiymətlərin daha sabit qalmasına şərait yaranır. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti isə bazarda haqsız rəqabət və süni qıtlığa nəzarət edir.
Eyni məhsulun eyni bazarda fərqli qiymətlərlə satılmasınından danışarkən iqtisadçı qeyd edib ki, sərbəst bazarda məhsulun fərqli satıcılarda müxtəlif qiymətlərlə təklif olunması normaldır. Bu, sahibkarın xərc strukturu, satış həcmi, mağazanın yerləşməsi və göstərilən xidmətlərə bağlıdır. Lakin qiymət fərqləri istehlakçını aldadacaq şəkildə formalaşdırılırsa, saxta endirim və ya çəkidə manipulyasiya varsa, bu artıq haqsız ticarət praktikasıdır.
"Ehtiyatlar, topdansatış və pərakəndə qiymət fərqləri, həmçinin digər regionlardakı qiymət müqayisəsi diqqətə alınır. Əgər məhsul bolluğu olmasına baxmayaraq qiymət kəskin artırsa və bir neçə iri satıcı eyni vaxtda qiyməti yüksəldirsə, bu süni artımın əlamətidir. Dövlət qurumlarının monitorinqi və statistik təhlil isə süni qiymət artımını real iqtisadi proseslərdən ayırmağa imkan verir",– deyə mütəxəssis əlavə edib.
Nəzrin Umay








