Hesablama Palatası ARDNF-ə xərclər və investisiya siyasəti üzrə tövsiyələr verib

Hesablama Palatası ARDNF-ə xərclər və investisiya siyasəti üzrə tövsiyələr verib

12 Yanvar 2026

Son illərdə beynəlxalq neft bazarlarında qiymət volatilliyinin artması və Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcə xərclərinin qarşılanması üçün aktivlərinə təzyiqlərin güclənməsi fonunda Hesablama Palatası Fondun xərclər siyasətinə və investisiya yanaşmasına dair bir sıra tövsiyələr irəli sürüb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Palatanın Fondun 2026-cı il büdcəsinə verdiyi Rəydə bildirilir.

Sənədə əsasən, fiskal dayanıqlığa mənfi təsirlərin azaldılması məqsədilə Fondun orta və uzunmüddətli dövrdə xərclərinin yumşaldıcı yanaşma əsasında proqnozlaşdırılması zəruridir.

2026-cı ildə Fondun gəlirlərinin təqribən 35 %-nin investisiya gəlirlərinin payına düşməsi, xərclərin nəğd pul axını ilə tam dəstəklənməməsi və gəlirlərin bazar volatilliyinə həssaslığı nəzərə alınaraq, likvid aktivlərin payının Fondun mümkün nəğd pul kəsirinə uyğun artırılması vacib hesab olunur.

Hesablama Palatası neft-qaz layihələrindən dividendlərin ödənilməməsi risklərini də vurğulayaraq, bu risklərin minimallaşdırılması üçün yatırılmış vəsaitlərin və öhdəliklərin geri qaytarılması üzrə alternativ mexanizmlərin qiymətləndirilməsini tövsiyə edib.

Rəydə daşınmaz əmlak alt portfelinin uzunmüddətli dayanıqlığının təmin edilməsi məqsədilə regionlararası diversifikasiyanın genişləndirilməsi, defensiv sektorlara yatırımların artırılması və faiz dərəcələrindən irəli gələn risklərin azaldılması üçün mövcud yanaşmaların təkmilləşdirilməsinin zəruriliyi qeyd olunub.

Bununla yanaşı, qızılın investisiya portfelində payının artırılması fonunda borc öhdəlikləri və pul bazarı alətləri üzrə aktivlərin azalmasının gəlirlilik gözləntilərinə təsir etməməsi üçün alt portfellərin xüsusi çəkilərinin saxlanılması, yuxarı uzlaşma intervalına uyğun əsaslandırılmış təhlillər aparılaraq bölgülərə yenidən baxılması tövsiyə edilir.

Palata, qlobal iqtisadi və geosiyasi qeyri-müəyyənliklər şəraitində valyuta vəsaitlərinin saxlanması və risklərin idarə olunması üzrə qərarların daha operativ qəbul edilməsinin vacibliyini vurğulayaraq, riskli aktivlərin mərhələli şəkildə artırılması zamanı investisiya gəlirlərinin dayanıqlığının qorunmasının aktual olduğunu bildirib.

Hesabat tarixinə Fondun 1 ilə qədərki sabit gəlirli investisiyalarının həcminin azalması fonunda isə, gələcək büdcə öhdəlikləri nəzərə alınmaqla likvidlik riskinin neytrallaşdırılması üçün likvid aktivlərə yatırımların balanslı şəkildə saxlanılması zəruri sayılıb. Eyni zamanda, Fondun büdcə öhdəliklərinin icrası zamanı dövlət büdcəsinin icrası ilə uzlaşmanın təmin edilməsi və əlavə xərclərin qarşısının alınması məqsədilə vəsaitlərin koordinasiyalı şəkildə xarici valyutalı xərclərin ödənilməsinə yönəldilməsinin əhəmiyyəti qeyd olunub.

Bundan əlavə, Avropa qaz bazarlarında qiymət dəyişkənliyinin davam etməsi, 2026-cı il üçün qazın Avropa HUB qiymətinin 440 ABŞ dolları səviyyəsində proqnozlaşdırılması və 2025-ci ildə bu göstəricinin 364 ABŞ dolları olması nəzərə alınaraq, qaz satışından əldə olunan gəlirlərin bazar volatilliyinə həssaslığının qiymətləndirilməsi məqsədilə alternativ qiymət ssenarilərinin hazırlanması, həssaslıq təhlillərinin aparılması və müvafiq gəlir maddələrinin konservativ yanaşma əsasında yenidən qiymətləndirilməsi tövsiyə olunub.