Rahid Ələkbərli Kəngərli rayonunda vətəndaş qəbulu keçirib -

Rahid Ələkbərli Kəngərli rayonunda vətəndaş qəbulu keçirib - FOTO

23 Aprel 2025

Aprelin 22-də Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Rahid Ələkbərli Kəngərli rayonunda vətəndaşları qəbul edib.

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində əzəmətlə ucalan abidəsi ziyarət edilib və önünə gül dəstələri qoyulub. Sonra vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin operativ şəkildə araşdırılması və qanunvericiliyə uyğun həlli istiqamətində Nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.

Sağlamlıq imkanları məhdud şəxsin ailə üzvünün də iştirak etdiyi qəbulda vətəndaşlar internet, telekommunikasiya, o cümlədən nəqliyyat və poçt xidmətləri ilə bağlı müraciət ediblər.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən il ərzində muxtar respublikanın digər rayonlarında da vətəndaş qəbulu həyata keçiriləcəkdir.