Sahil Babayev: "Dövlət maliyyə sistemi çevik və məsuliyyətli idarə olunur"
2025-ci ilin dövlət büdcəsinin icrası göstərir ki, Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf kursu mürəkkəb qlobal iqtisadi şəraitdə belə ölkəmizin dayanıqlı inkişafını, maliyyə sabitliyini və vətəndaş rifahının yüksəldilməsini təmin edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsində bildirib.
Onun sözlərinə görə, son illərdə dünyada geosiyasi gərginliklərin, logistika zəncirlərində pozuntuların, enerji və ərzaq bazarlarındakı dəyişkənliyin davam etməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını qoruyub, dövlət maliyyə sistemi çevik və məsuliyyətli idarəetmə prinsipləri əsasında fəaliyyət göstərib.
"Bu nəticələrin əsasında fiskal intizamın gücləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və əhalinin sosial rifahının yaxşılaşdırılmasına davamlı diqqət dayanır. 2025-ci ildə dövlət və icmal büdcələr müəyyən edilmiş prioritet istiqamətlərin, sosial təminat tədbirlərinin, ölkənin iqtisadi inkişafının, müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin, işğaldan azad edilmiş ərazilərimizin bərpa və yenidən qurulması tədbirlərinə yönəldilməklə icra edilib və hökumət qarşısında qoyulan vəzifələrin maliyyələşdirilməsi təmin edilib", deyə o qeyd edib.








