Samir Şərifov: Belarusla aqrolayihə Qarabağda kənd təsərrüfatının inkişafına təkan verəcək

Samir Şərifov: Belarusla aqrolayihə Qarabağda kənd təsərrüfatının inkişafına təkan verəcək

02 İyun 2026

Belarus tərəfindən Azərbaycanın Ağdam rayonunda aqrar-sənaye kompleksinin yaradılması Qarabağ regionunda kənd təsərrüfatı istehsalının inkişafına əlavə stimul olacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov Belarus-Azərbaycan biznes-forumunda bildirib.

"Xatırlatmaq istərdim ki, bu ərazi (Qarabağ - red.) Azərbaycanın Vətən müharibəsi zamanı işğaldan azad edilib və hazırda bu ərazidə genişmiqyaslı yenidənqurma işləri aparılır. Hesab edirik ki, Ağdam rayonunda quşçuluq kompleksinin yaradılması bu regionda kənd təsərrüfatı istehsalının inkişafına əlavə təkan verəcək, hazırda ölkənin bu regionunda mənzil və zəruri yaşayış şəraiti ilə təmin edilən Azərbaycan vətəndaşları üçün lazımi iş yerləri təmin edəcək", - S.Şərifov bildirib.

Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan layihə üzrə lazımi hazırlıq işləri görüb. O həmçinin, bu layihənin həyata keçirilməsinin növbəti mərhələlərinə keçidin təmin edilməsinin vacibliyini qeyd edib:

"Bu layihəyə (Ağdamda - red.) investisiya yatırmağa hazırlaşan şirkət biznes-forumun işində iştirak edir. Ümid edirəm ki, onlar layihənin praktiki olaraq həyata keçirilməsi üçün artıq razılaşdırılmış "yol xəritəsi"ni müəyyən etmək məqsədilə tərəfdaşlarla danışıqları davam etdirəcəklər. Mənə elə gəlir ki, qeyd etdiyim istiqamətlər üzrə işlər nəinki Azərbaycanda istehsal olunan ərzaq məhsullarının nomenklaturasını genişləndirməyə, həm də hər iki ölkənin maraqlarına cavab verəcək müəyyən istehsal zəncirləri formalaşdırmağa imkan verəcək".

Qeyd edək ki, 2024-cü ilin mayında Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin Azərbaycanın azad edilmiş ərazilərində aqroşəhərcik tikməyə hazır olduğunu bəyan edib. 2024-cü ilin oktyabrında Azərbaycan və Belarusun Kənd Təsərrüfatı nazirlikləri Ağdam rayonunun Qızıl Kəngərli kəndində kənd təsərrüfatı məhsulları istehsalının inkişafına dair birgə fəaliyyət barədə Yol Xəritəsi imzalayıblar. Kənddəki aqroşəhərciyin 2027-ci ildə fəaliyyətə başlayacağı gözlənilir.