Şəhid Qurban İbrahimov

Şəhid Qurban İbrahimov

11 Aprel 2024

Qurban Namiq oğlu İbrahimov 1998-ci il iyunun 4-də Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu Qabıllı kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Qurban İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Hadrutun, Cəbrayılın, Xocavəndin və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Noyabrın 9-u Şuşa uğrunda qızğın döyüşlərin birində Qurban düşmənin snayper gülləsinə tuş gələrək şəhid olub. Noyabr ayının 13-də şəhidimiz torpağa tapşırılıb.
 
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Qurban İbrahimov ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib

Şəhidin atası İbrahimov Namiq Qurban oğlu oğlunun nəşinin Şuşadan Füzuli rayonuna gətirildiyini öyrənən kimi oğlunun cansız bədəninin Bakıya gətirilib, oradan da Naxçıvana aparılaraq dəfn edilməsi prosesində şəxsən iştirak edib. Bundan bir neçə gün sonra isə şəhid atası oğlunun yoxluğuna dözə bilməyib, ürəktutmasından həyatını dəyişib. Bir ata üçün oğlunun cansız bədəni olan maşında uzun yol gelmek çox çətin olmalı... Namiq İbrahimov da buna çox dözə bilməyib. Allahdan şəhidimizə və onun atasına rəhmət diləyirik!