Su sayğaclarını donvurmadan necə qoruyaq? –

Su sayğaclarını donvurmadan necə qoruyaq? – Təlimat

09 Yanvar 2026

Qış fəslində havaların kəskin soyuması və temperaturun mənfi dərəcəyə düşməsi ilə əlaqədar su sayğacları və paylayıcı şəbəkələrdə donma təhlükəsi yaranır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti vətəndaşlara müraciət edərək bildirir ki, soyuq hava şəraitində su sayğaclarının və daxili xətlərin sıradan çıxmaması üçün qabaqlayıcı tədbirlərin görülməsi vacibdir.

Xidmətin məlumatına görə, ilk növbədə sayğaclar və açıq havada yerləşən borular izolyasiya olunmalıdır. Bunun üçün şüşə yunu, polistirol və ya yun parçadan istifadə edilməsi tövsiyə olunur.

Eyni zamanda sayğac qutularının qapaqları kip bağlanmalı, içərisi isə əlavə qoruyucu materiallarla doldurulmalıdır. Bu, soyuq havanın birbaşa sayğaca təsirinin qarşısını almağa kömək edir.

Qeyd olunur ki, sayğacın yerləşdiyi ərazilərdə soyuq hava axını da minimuma endirilməlidir. Xüsusilə binaların pilləkən qəfəsələrində qapı və pəncərələrin daimi bağlı saxlanması tövsiyə edilir.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti vətəndaşları bu tövsiyələrə əməl etməyə çağıraraq, görüləcək sadə tədbirlərin həm maddi zərərin, həm də su təchizatında yarana biləcək fasilələrin qarşısını alacağını bildirir.