“Tarix və müasirlik” mövzusunda elmi konfrans keçirilib -

“Tarix və müasirlik” mövzusunda elmi konfrans keçirilib - FOTO

09 Fevral 2026

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 102-ci ildönümü münasibətilə “Tarix və müasirlik” mövzusunda keçirilən elmi konfrans muxtar respublikanın dövlətçilik tarixinin elmi əsaslarla təhlili və müasir inkişaf mərhələsinin dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikasının yaranma tarixinə, onun hüquqi-siyasi əsaslarına və ötən 102 il ərzində keçdiyi mürəkkəb, eyni zamanda şərəfli inkişaf yoluna geniş şəkildə toxunub. Akademik qeyd edib ki, Naxçıvan qədim dövlətçilik ənənələrinə malik bir diyar olmaqla yanaşı, tarix boyu mürəkkəb geosiyasi proseslərin mərkəzində yer alıb.

İsmayıl Hacıyev çıxışında vurğulayıb ki, XX əsrin əvvəllərində Cənubi Qafqazda cərəyan edən ictimai-siyasi proseslər Naxçıvan üçün xüsusilə ağır və taleyüklü olub. Ermənilərin məqsədyönlü ərazi iddiaları və təcavüzkar siyasəti Naxçıvanın mövcudluğuna ciddi təhlükə yaradıb. Akademik bildirib ki, bütün bu təzyiqlərə baxmayaraq, Naxçıvan xalqının milli iradəsi, siyasi uzaqgörənliyi və düzgün strateji qərarları nəticəsində bu diyar öz tarixi torpaqlarını və hüquqi statusunu qoruyub saxlaya bilib.

Akademik İsmayıl Hacıyev xüsusi olaraq qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının taleyində ümummilli lider Heydər Əliyevin fəaliyyəti müstəsna əhəmiyyət daşıyır. Məhz Heydər Əliyevin qətiyyətli mövqeyi, prinsipial və uzaqgörən siyasəti nəticəsində Naxçıvanın muxtariyyət statusu qorunub saxlanılıb, bölgənin təhlükəsizliyi təmin edilib və sosial-iqtisadi inkişafın möhkəm təməli qoyulub. Akademik vurğulayıb ki, Heydər Əliyevin dövlətçilik təfəkkürü Naxçıvanın Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi möhkəmlənməsində həlledici rol oynayıb.

Çıxışında müasir dövrə də toxunan İsmayıl Hacıyev bildirib ki, bu siyasi xətt bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Dövlət başçısının Naxçıvana göstərdiyi diqqət və qayğı nəticəsində muxtar respublikada genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir, əhalinin sosial rifahı yüksəlir. Akademik qeyd edib ki, həyata keçirilən islahatlar Naxçıvanın strateji əhəmiyyətini daha da artırır və onun regional inkişafda rolunu gücləndirir.

İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikası Konstitusiyasının Preambulasında aparılan dəyişikliklərdən də söz açıb. O, bildirib ki, preambula yalnız rəmzi mətn deyil, eyni zamanda muxtar respublikanın dövlətçilik ideyalarının, tarixi və hüquqi prinsiplərinin əks olunduğu mühüm sənəddir.

Daha sonra AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov “Muxtariyyət ərəfəsində Naxçıvanda ictimai-siyasi vəziyyət” mövzusunda məruzə edib. Məruzədə Naxçıvanın muxtariyyətə gedən yolda qarşılaşdığı çətinliklərdən, regionda hökm sürən mürəkkəb ictimai-siyasi proseslərdən bəhs olunub. Alim ermənilərin törətdiyi cinayətlərin ağır nəticələrini tarixi faktlar əsasında diqqətə çatdırıb, eyni zamanda Nəriman Nərimanovun həmin dövrdə fəaliyyəti və mövqeyi haqqında ətraflı məlumat verib.

Konfransda həmçinin AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Moskva, Qars müqavilələri və Naxçıvan” mövzusunda məruzə edib. O, Moskva və Qars müqavilələrinin Naxçıvanın hüquqi-siyasi statusunun müəyyənləşdirilməsində mühüm rol oynadığını bildirib. Məruzədə Naxçıvanın tarixinin, etnoqrafiyasının və arxeologiyasının hərtərəfli şəkildə araşdırıldığını qeyd edib və məktublardan gətirdiyi istinadlar əsasında tarixi həqiqətləri bir daha diqqətə çatdırıb.

Konfrans müzakirələrlə davam edib.