Türkiyə və Yunanıstanda 75 Azərbaycan vətəndaşı həbs edilib

Türkiyə və Yunanıstanda 75 Azərbaycan vətəndaşı həbs edilib

29 Mart 2026

2025-ci ildən etibarən ölkə hüdudlarından kənarda bir qrup Azərbaycan Respublikası vətəndaşlarının trans-milli mütəşəkkil cinayətkar şəbəkənin təsiri altına düşərək, Türkiyə-Yunanıstan istiqamətində qanunsuz miqrasiya və insan qaçaqmalçılığı fəaliyyətinə cəlb olunmasına dair əməliyyat məlumatları daxil olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat  verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti ilə "AnewZ" televiziya kanalının birgə layihəsi olan "Yolun yarısında" adlı sənədli filmində deyilir.

Qeyd olunub ki, ümumilikdə 75 nəfər Azərbaycan Respublikası vətəndaşı qanunsuz miqrasiyanın həyata keçirilməsində iştirak etdiklərinə görə Türkiyə və Yunanıstan hüquq-mühafizə orqanları tərəfindən həbs ediliblər.

Vurğulanıb ki, Dövlət Təhlükəsizliyi Xidməti sözü gedən qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması istiqamətində beynəlxalq tərəfdaşlarla qarşılıqlı əməkdaşlıq, Azərbaycan daxilində zəruri qabaqlayıcı tədbirlərin həyata keçirilməsi və hüquqi müstəvidə addımların atılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsini davam etdirir:

"Vətəndaşlarımıza bu kimi cinayətkar fəaliyyətlərə maddi, eləcə də digər maraqlar müqabilində qoşulmamaları, əks halda cinayət məsuliyyətinə cəlb edilmə və azadlıqdan məhrum etmə cəzası ilə üz-üzə qalacaqları barədə xəbərdarlıq edirik".