Vüqar Bayramov: Naxçıvanda 2 272 dövlət qulluqçusu fəaliyyət göstərir

Vüqar Bayramov: Naxçıvanda 2 272 dövlət qulluqçusu fəaliyyət göstərir

05 İyun 2026

Azərbaycanda dövlət qulluqçuları üzrə vakansiyaların elan edilməsində diferensial olaraq regional yanaşmanın tətbiqinə ehtiyac var.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu deputat Vüqar Bayramov bu gün keçirilən Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında bildirib.

Onun sözlərinə görə, dövlət qulluğuna qəbul olunma qaydalarının daha da təkmilləşdirilməsi hər zaman prioritet olaraq qalır: "Hazırda dövlət qulluqçularının sayı 27,4 min nəfərdir ki, onların da 30,3 %-ni qadınlar təşkil edir. Konseptual olaraq iki məqama diqqəti çəkmək istərdim. Birincisi, dövlət qulluqçuların çalışdıqları iqtisadi rayonlar üzrə bölgüsüdür. Rəsmi statistikaya əsasən, hazırda Naxçıvan Muxtar Respublikasında 2 272 dövlət qulluqçusu çalışır. Bakı şəhərində 13 756 dövlət qulluqçusu var".

Deputat əlavə edib ki, dövlət qulluqçularının daha çox hissəsinin Bakının payına düşməsi anlaşılandır: "Bununla belə, bir sıra iqtisadi rayonlarımızda dövlət qulluqçularının sayı heç 1 000 nəfərə belə çatmır. Belə ki, Abşeron-Xızı iqtisadi rayonunda cəmi 662, Dağlıq Şirvan iqtisadi rayonunda 696, Mil-Muğan iqtisadi rayonunda 720, Şirvan-Salyan iqtisadi rayonunda 764, Quba-Xaçmaz iqtisadi rayonunda isə 795 dövlət qulluqçusu var. Bu baxımdan, dövlət qulluqçuları üzrə vakansiyaların elan edilməsində diferensial olaraq regional yanaşmanın da tətbiqinə ehtiyac var. Bu iqtisadi rayonlarımızda ixtisaslı kadrların işlə təminatı baxımdan da vacibdir".