Vüsal Novruzov: Güzəştli kreditlərin illik faiz dərəcəsi heç vaxt 5 faizdən yuxarı olmur

Vüsal Novruzov: Güzəştli kreditlərin illik faiz dərəcəsi heç vaxt 5 faizdən yuxarı olmur

21 Noyabr 2025

Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Vüsal Novruzov “NAXÇIVANXƏBƏRLƏRİ”- nə müsahibəsində fondun fəaliyyəti, güzəştli kreditlərin şərtləri və sahibkarların müraciətləri ilə bağlı bir sıra mühüm məqamlara aydınlıq gətirib.

Müsahibəni təqdim edirik:

Sahibkarlığın İnkişafı Fondu haqqında qısaca məlumat verərdiniz ?

Vüsal Novruzov: Sahibkarlığın İnkişafı Fondu Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərməklə muxtar respublikada sahibkarlığın dəstəklənməsi və real sektorun inkişafı məqsədilə yaradılmış dövlət qurumudur. Onun missiyası region iqtisadiyyatının, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaqdır. Fondun əsas funksiyası isə prioritet sahələr üzrə sahibkarların layihələrinin maliyyələşdirilməsini güzəştli şərtlərlə təmin etməkdir.

Güzəştli kreditləri adi bank kreditlərindən fərqləndirən əsas məqamlar hansılardır?

Vüsal Novruzov: Güzəştli kreditlərin kommersiya kreditlərindən əsas fərqləri üç istiqamətdə özünü göstərir.

Birincisi faiz dərəcəsinin daha aşağı olmasıdır. Yəni, güzəştli kreditlər dövlət dəstəyi ilə verildiyi üçün onların illik faiz dərəcələri adi kommersiya kreditləri ilə müqayisədə xeyli aşağıdır. Güzəştli kreditlərin illik fazi dərəcəsi 5%-dir. Bu, sahibkarın maliyyə yükünün azalmasına və layihəni daha rahat reallaşdırmasına şərait yaradır.

İkincisi kreditin daha uzun müddətə verilməsidir. Yəni, Fondun güzəştli kreditləri uzunmüddətli inkişaf layihələrini dəstəkləmək məqsədi daşıdığından kreditlərin müddəti adi bank kreditləri ilə müqayisədə daha uzun olur. Qeyd etmək lazımdır ki, layihənin məzmunundan və istiqamətindən asılı olaraq maksimal kredit müddəti 10 ildir.

Üçüncüsü isə güzəşt müddətinin təqdim edilməsidir. Belə izah edə bilərik ki, güzəştli kreditlərin mühüm üstünlüklərindən biri də güzəşt müddətinin verilməsidir.  Sahibkar layihəsini reallaşdırdığı ilk vaxtlarda maliyyə yükü çox olmasın deyə əsas borcun ödənişinə verilən güzəşt müddəti təyin edilir. Bu müddət ümumi kredit müddətinin yarısınadək nəzərdə tutula bilər.

Qeyd etdiniz ki, fazi dərəcələri 5%-dir, bəs bu, kredit müddətindən asılı olaraq necə dəyişir?

Vüsal Novruzov: Fondun güzəştli kreditlərinin illik faiz dərəcəsi kreditin həcmindən, müddətindən asılı olmayaraq 5%-ə qədər müəyyən olunur. Yəni heç bir halda Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına verilən güzəştli kreditlər 5%-dən yuxarı ola bilməz.

Maliyyələşdirmədə SİF-in prioritet sahələri hansılardır?

Vüsal Novruzov: Sənaye, kənd təsərrüfatı və xidmət sektorları üzrə xüsusilə istehsal və emal yönümlü fəaliyyət sahələri Fondun prioritet istiqamətlərini təşkil edir. Bundan əlavə, regional iqtisadiyyatın inkişafını dəstəkləyən layihələr də prioritet hesab olunur. Şərur Sənaye Məhəlləsi və Naxçıvan Sənaye Parkı çərçivəsində həyata keçiriləcək layihələr də fond tərəfindən üstünlük verilən layihələr olacaqdır. Qeyd edim ki, hər il bu sahələr iqtisadiyyatın prioritetləri və regional faktorlar nəzərə alınaraq yenilənir.

Kredit müraciətlərinə imtina cavabı hansı hallarda verilir?

Vüsal Novruzov: Müraciətlər layihədə müəyyən olunmuş prioritet istiqamətlərə uyğun gəlmədikdə, təhlil zamanı layihənin iqtisadi səmərəliliyi qənaətbəxş qiymətləndirilmədikdə imtina edilə bilər.

Kredit vəsaitinin istifadəsi üzrə sui-istifadə hallarının aşkarlanması halında da  imtina olur.

Çox sağ olun, təşəkkür edirik.

Vüsal Novruzov: Təşəkkür edirəm.

Müsahibəni hazırladı:

Mətin Kamal