Yerli özünüidarəetmə orqanlarına seçilən qadınlarla və Gender komissiyasının üzvləri ilə görüş keçirilib -

Yerli özünüidarəetmə orqanlarına seçilən qadınlarla və Gender komissiyasının üzvləri ilə görüş keçirilib - FOTO

05 Avqust 2025

Avqustun 5-də Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Şahbuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şahbuz rayonu üzrə yerli özünüidarəetmə orqanlarına (bələdiyyələrə) seçilən qadınlarla və Gender komissiyasının üzvləri ilə görüş keçirilib

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini Cəlal Paşayev iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətini vurğulamış və bu cür tədbirlərin davamlı təşkilinin vacibliyini qeyd etmişdir.

Şahbuz rayonu üzrə bələdiyyələrdə təmsil olunanların 40%-i qadınlardan ibarətdir deyən Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova tədbirdə çıxış edərək bildirmişdir ki, qadınların cəmiyyətin bütün sahələrində fəal iştirakının təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu məqsədlə ardıcıl tədbirlər həyata keçirilir. O, yerli özünüidarəetmə orqanlarının cəmiyyətin gündəlik problemlərinə ən yaxın strukturlar olduğunu vurğulamışdır.

Bələdiyyələrdə qadınların təmsilçiliyinə dair statistik məlumatları təqdim edən Komitə sədri bildirmişdir ki, Şahbuz rayonu üzrə 1 şəhər, 1 qəsəbə və 22 kənd olmaqla ümumilikdə 24 ərazini əhatə edən 4 bələdiyyə fəaliyyət göstərir ki, 40 nəfər bələdiyyə üzvlərinin  40%-ni qadınlar təmsil edir. Bələdiyyə sədrlərinin 25%-i qadındır. 1 şəhər, 1 qəsəbə 16 kəndi əhatə edən ərazinin bələdiyyə sədri kişi, 6 kəndi əhatə edən əraziyə isə qadın bələdiyyə sədri rəhbərlik edir. 

Komitə sədri həmin orqanlarda qadınların təmsil olunmasının təkcə statistik göstərici deyil, həm də qərarların daha ədalətli, inklüziv və ehtiyaclara cavab verən şəkildə qəbul olunmasına bir zəmanət olduğunu vurğulamışdır. 

Komitənin əsas fəaliyyət istiqamətlərindən biri – ailə institutunun gücləndirilməsi, qadınların ictimai-siyasi və iqtisadi həyatda fəallığının artırılması, həmçinin uşaqların hüquqlarının müdafiəsidir deyən Komitə sədri bu məqsədlərə çatmaqda yerli icmaların mühüm rol oynadığını qeyd etmiş, Komitənin nümunəvi əsasnaməsində və yerli özünüidarəetmə orqanlarının fəaliyyətini tənzimləyən sənədlərdə bu əməkdaşlıq üçün hüquqi və funksional əsasların müəyyən olunduğunu bildirmişdir. Komitə sədri ailə və qadın hüquqlarının qorunması sahəsində mövcud qanunvericilik bazasına, xüsusilə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanuna istinad edərək, bu istiqamətdə görülən işlərin hüquqi əsaslarını vurğulamışdır. O, erkən nikah və qohum evliliyi mövzularına toxunaraq, qanunvericilikdə bu məsələlərlə bağlı tənzimləmələrdən və onların fəsadlarından bəhs etmişdir. 

Sonra Şahbuz rayon Ayrınc bələdiyyəsinin üzvü Aydın Cəfərov çıxış edərək qadınların yerli idarəetmədə fəallığının artdığını vurğulayıb. A.Cəfərov qeyd etmişdir ki, qadınlarımızın ictimai həyatda fəal iştirakı milli ənənələrimizə, ailə dəyərlərinə və vətənpərvərlik ruhuna xidmət edir. Onların cəmiyyətdə rolu ölkəmizin gələcəyinə olan inamı daha da möhkəmləndirir. Beləliklə, qadınların sosial aktivliyi milli mənəvi irsimizin yaşadılması və inkişafı üçün əvəzsiz töhfədir.

Daha sonra Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Zərnigar Orucəliyeva təqdimatla çıxış edərək bildirmişdir ki, gender bərabərliyi yalnız qadınların deyil, həm də kişilərin hüquqlarını qoruyur və cəmiyyətdə ədalətin təmin olunmasına xidmət edir. Qadınların hərtərəfli inkişafı, təhsilə, iş imkanlarına çıxışının təmin olunması, zorakılığa qarşı mübarizə, həmçinin sosial dəstək proqramlarının hazırlanması və həyata keçirilməsi komitənin prioritet istiqamətlərindəndir. Belə tədbirlər ictimai şüurun formalaşmasına və gender stereotiplərinin aradan qaldırılmasına töhfə verir. 

Şahbuz rayon bələdiyyələrinə seçilən kişilər, qadınlar və Gender Komissiyalarının sədr və üzvlərinin iştirak etdiyi tədbirdə müvafiq mövzuda məlumat kitabı paylanılmışdır.