
Naxçıvanlı gənclər “Gənclər Düşərgəsi 2025”də fəal iştirak ediblər - FOTO
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə Quba şəhərində gənclər üçün düşərgə təşkil olunub. Beş gün davam edən düşərgədə ölkənin müxtəlif bölgələrindən olan fəal və istedadlı gənclər bir araya gəlib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə düşərgədə Naxçıvandan 29 gəncin iştirakı təmin olunub. Həmçinin, nazirliyin Gənclərlə iş şöbəsinin müdiri İlahə Haqverdiyeva düşərgədə məsul şəxs qismində iştirak edib. Naxçıvanlı gənclər düşərgənin bütün mərhələlərində fəallıq nümayiş etdirərək, həm fərdi bacarıqlarını inkişaf etdirməyə, həm də ölkənin digər regionlarından olan gənclərlə sıx əməkdaşlıq qurmağa çalışıblar.
Düşərgədə “Natiqlik və ünsiyyət bacarıqları”, “İnkişaf və Yüksəliş”, “Ümumi İdarəetmə və Strateji Planlaşdırma”, “Layihə idarəetməsində effektiv risk menecmenti strategiyaları” kimi təlimlər keçirilib, debat yarışları, panel müzakirələr və digər maraqlı fəaliyyətlər təşkil olunub.
“Gənclər Düşərgəsi 2025”-in məqsədi region gəncləri arasında şəbəkələşməni gücləndirmək, onların liderlik və natiqlik bacarıqlarını artırmaq, həmçinin “Konstitusiya və Suverenlik İli” çərçivəsində maarifləndirici fəaliyyətlərin həyata keçirilməsi olub.