17-ci səfər: Naxçıvanın dəyişən siması
102 illik muxtariyyət tarixinin inkişaf mərhələsinə səfərlərin pəncərəsindən baxış
2004-cü ilin mayından 2026-cı ilin avqustuna qədər Prezident İlham Əliyevin Naxçıvana səfərlərinə nəzər saldıqda, təkcə dövlət başçısının qədim diyara səfərlərinin xronologiyasını görmürük. Qarşımızda Naxçıvanın son iyirmi iki il ərzində keçdiyi inkişaf yolunun mənzərəsi canlanır. Bu səfərlərin hər biri öz dövrünün əsas ehtiyaclarını, qarşıda duran vəzifələri və gələcək üçün müəyyənləşdirilən prioritetləri əks etdirib. Bir vaxt hava limanı, yol, su və enerji əsas gündəm idisə, sonrakı mərhələdə sənaye, sərhəd-keçid məntəqələri, regional əlaqələr, Türk dünyası ilə münasibətlər və sosial infrastruktur ön plana çıxıb. Daha sonra bərpa olunan enerji, müasir nəqliyyat, rəqəmsal idarəetmə, sosial xidmətlər və şəhərsalma inkişaf gündəliyinə daxil olub. Bu gün isə həmin istiqamətlər bir-birindən ayrı deyil. Onlar Naxçıvanın yeni inkişaf modelinin müxtəlif elementlərinə çevrilib.
Prezident İlham Əliyev avqustun 11-də Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində də səfərlərinin bu ardıcıllığına diqqət çəkərək deyib: “Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir. Qeyd etdiyiniz kimi, mən Prezident kimi 17-ci dəfədir ki, Naxçıvana səfər edirəm və hər səfərimin də böyük mənası və gözəl nəticələri vardır”.
Bu fikir, əslində, son iyirmi iki ilin mənzərəsini bir cümlədə ifadə edir. Səfərlərin hər biri yalnız müəyyən obyektlərin açılışı və ya tədbirlərdə iştirakla məhdudlaşmayıb, Naxçıvanın qarşısında duran konkret məsələlərin həllinə və yeni inkişaf mərhələsinin formalaşmasına xidmət edib.
İnfrastrukturdan inkişaf fəlsəfəsinə
Naxçıvanın dəyişən simasını anlamaq üçün, ilk növbədə, yolun haradan başladığına baxmaq lazımdır. 2004-cü ildə Naxçıvan Beynəlxalq Hava Limanının və Əlillərin Bərpa Mərkəzinin istifadəyə verilməsi həmin dövrün iki mühüm prioritetini ifadə edirdi: xarici aləmlə əlaqələrin genişləndirilməsi və insan amilinə yönəlmiş sosial infrastrukturun yaradılması.
Sonrakı illərdə bu xətt yolların, su təsərrüfatının, enerji obyektlərinin və digər infrastrukturun inkişafı ilə genişləndi. Naxçıvan-Sədərək və Naxçıvan-Culfa avtomobil yolları, Naxçıvan-Şahbuz-Batabat magistralı, su anbarları, sutəmizləyici qurğular və elektrik stansiyaları bir-birini tamamlayan layihələr kimi qədim diyarın iqtisadi və sosial həyatının əsaslarını möhkəmləndirdi. Qarşıdakı mərhələdə isə yaşayış məntəqələrinin yol probleminin həlli üçün yüzlərlə kilometr yolun tikintisi və əsaslı təmiri nəzərdə tutulur.
Beləliklə, vaxtilə əsas məqsəd infrastruktur çatışmazlıqlarını aradan qaldırmaq idisə, bu gün həmin infrastruktur Naxçıvanın iqtisadi və sosial inkişafının hərəkətverici qüvvəsinə çevrilir.
Enerji təminatından “yaşıl enerji” ixracına
Naxçıvanın inkişaf tarixində enerji ayrıca bir xətt təşkil edir. 2005-ci ildə Heydər Əliyev su anbarının istifadəyə verilməsi və təbii qazın verilməsinin bərpa olunması enerji təminatında mühüm mərhələ idisə, 2006-cı ildə Modul Elektrik Stansiyası və Qaz-Turbin Elektrik Stansiyasının istifadəyə verilməsi artıq enerji istehsalının gücləndirilməsi mərhələsinin başlanğıcını göstərirdi. Sonrakı illərdə Biləv Su Elektrik Stansiyası kimi layihələr Naxçıvanın öz enerji potensialından istifadəsini genişləndirdi. 2015-ci ildə Naxçıvan Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi isə bu xəttə yeni istiqamət əlavə etdi. Bu gün həmin istiqamət daha böyük miqyas alıb. Naxçıvan artıq yalnız enerji təminatının sabitliyini deyil, bərpa olunan enerji mənbələri hesabına yeni enerji modelinin formalaşdırılmasını hədəfləyir. “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarının inşası bunun konkret nümunəsidir.
Ümumi gücü 50 MVt olan bu layihələr istismara verildikdən sonra böyük həcmdə elektrik enerjisi istehsal etməklə yanaşı, karbon emissiyalarının və təbii qaz sərfiyyatının azalmasına da imkan yaradacaq. Enerji sisteminin rəqəmsallaşdırılması, Regional Rəqəmsal İdarəetmə və SCADA mərkəzlərinin yaradılması, yeni yarımstansiyaların tikilməsi və 400/330/110 kV-luq “Naxçıvan çevirici qovşaq” yarımstansiyasının yaradılması istiqamətində görülən işlər isə enerji təhlükəsizliyinə artıq daha kompleks yanaşmanın formalaşdığını göstərir.
Bir vaxt enerji təminatının bərpası əsas məsələ idisə, bu gün Naxçıvanın bərpa olunan enerji istehsal edən və gələcəkdə enerji ixrac edən məkana çevrilməsi perspektivindən danışılır. Bu sadəcə enerji sektorundakı dəyişiklik deyil, bu, inkişaf modelinin dəyişməsidir.
Sərhəd mövqeyindən regional üstünlüyə
Naxçıvanın coğrafi mövqeyi həmişə onun həm üstünlüyü, həm də xüsusi diqqət tələb edən amili olub. 2007-ci ildə Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsinin istifadəyə verilməsi bu coğrafiyanın əlaqə imkanlarını genişləndirən mühüm hadisələrdən biri idi. 2008-ci ildə Azərbaycan-Türkiyə əlaqələrinin Naxçıvanda yüksək səviyyədə nümayiş etdirilməsi, 2009-cu ildə Türk dünyasının dövlət başçılarının IX Zirvə görüşünün burada keçirilməsi Naxçıvanın regional və beynəlxalq əhəmiyyətini daha da artırdı. 2023-cü ildə İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması isə əlaqələrin enerji ölçüsünü ön plana çıxardı.
Bu gün Naxçıvana yalnız Azərbaycanın əsas ərazisindən coğrafi baxımdan ayrı düşmüş ərazi kimi yanaşmaq kifayət deyil. Onun mövqeyi Azərbaycan-Türkiyə münasibətləri, enerji, nəqliyyat və gələcək regional bağlantılar baxımından mühüm üstünlükdür. Başqa sözlə, coğrafi ayrılıq yaradan sərhədlər tədricən yeni əlaqə imkanlarının keçdiyi məkana çevrilir.
Yolun o biri üzü – sənaye və aqrar inkişaf
Naxçıvanın iqtisadi inkişafında yolların xüsusi əhəmiyyəti var. Lakin yolun özü son məqsəd deyil. Onun əhəmiyyəti iqtisadi fəallığı hərəkətə gətirməsindədir. Bu gün Naxçıvan Sənaye Parkının yaradılması iqtisadiyyatın şaxələndirilməsi və yeni istehsal imkanlarının formalaşdırılması üçün daha geniş perspektiv açır. Eyni zamanda Naxçıvanın inkişafında kənd təsərrüfatı xüsusi yer tutur. 2026-cı ildə təsdiq edilmiş su ehtiyatlarından səmərəli istifadəyə dair Tədbirlər Planı çərçivəsində su infrastrukturunun təkmilləşdirilməsi, artezian quyularının qazılması, müasir suvarma sistemlərinin qurulması və suvarılmayan torpaqların istifadəyə verilməsi nəzərdə tutulur. Bu addımların mahiyyəti yalnız su probleminin həlli deyil. Məqsəd əkin sahələrini genişləndirmək, məhsuldarlığı artırmaq, əkin strukturunu şaxələndirmək və kənd təsərrüfatı məhsullarının emalını inkişaf etdirməkdir. “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan aqrar modernləşmə, intensiv istehsala keçid və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi də bu xəttin davamıdır. Beləliklə, Naxçıvanda kənd təsərrüfatına münasibət də dəyişir: ənənəvi istehsaldan daha məhsuldar, texnoloji və emala əsaslanan modelə keçid hədəflənir.
İnkişafın mərkəzində insan
Naxçıvanın inkişaf yolunun mühüm göstəricilərindən biri də insan amilinə münasibətin dəyişməsidir. İlk səfərlərdə istifadəyə verilən sosial obyektlərdən başlayaraq sonrakı illərdə təhsil, səhiyyə, sosial müdafiə və digər xidmət infrastrukturlarının genişləndirilməsi bu istiqamətin davamlı xarakter daşıdığını göstərdi.
2026-cı ildə Naxçıvan Regional DOST Mərkəzinin fəaliyyətə başlaması isə sosial xidmətlərdə yeni mərhələnin göstəricisidir. Müasir inkişaf modelində insan yalnız xidmət alan tərəf deyil. Onun həyat keyfiyyəti, məşğulluğu, sosial rifahı və gündəlik rahatlığı inkişafın əsas nəticə göstəricilərinə çevrilir.
Naxçıvan şəhərinin yeni siması
Dəyişiklik ən aydın şəkildə şəhər mühitində də görünür. İllər ərzində formalaşan yol, su, enerji və digər infrastruktur bu gün daha müasir şəhər idarəçiliyi ilə tamamlanır. Elektrik mühərrikli avtobusların istifadəyə verilməsi, rəqəmsal dispetçer və monitorinq sisteminin yaradılması, bank kartları, QR kod, “Apple Pay” və “Google Pay” vasitəsilə ödəniş imkanlarının təmin edilməsi Naxçıvan şəhərində ictimai nəqliyyatın yeni standartlara uyğunlaşdırıldığını göstərir. Bu layihənin icrası ilə Naxçıvan şəhərində 9 marşrut xətti üzrə il ərzində 4,5 milyon sərnişinə yüksək səviyyədə xidmət göstərilməsi nəzərdə tutulub. Şəhərlərarası və rayonlararası nəqliyyat üçün 217 müasir avtobusun alınmasının nəzərdə tutulması isə regionların bir-biri ilə əlaqəsinin gücləndirilməsinə imkan verəcək.
Bütün bu proseslərin uzunmüddətli perspektivini isə “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” müəyyənləşdirir. Bu, Naxçıvanın yalnız bu gününü deyil, növbəti onilliklərini düşünən şəhərsalma yanaşmasıdır.
Keçmişi qoruyaraq gələcəyi qurmaq
Naxçıvanın dəyişən siması yalnız yeni obyektlərlə ölçülmür. Bu qədim diyarın inkişaf modelində tarix və müasirlik bir-birini tamamlayır. Akademik Yusif Məmmədəliyevin ev-muzeyinə göstərilən diqqətdən Möminə xatun türbəsinin bərpasına qədər həyata keçirilən işlər göstərir ki, inkişaf keçmişdən imtina etmək deyil. Əksinə, tarixi-mədəni irs müasir Naxçıvanın kimliyinin əsas dayaqlarından biri kimi qorunur.
Şəhərin gələcəyi planlaşdırılarkən onun tarixi simasının da nəzərə alınması məhz bu yanaşmanın ifadəsidir. İnkişafın məzmunu yalnız yeni binalar, yollar və istehsal müəssisələri ilə deyil, milli kimliyin qorunması ilə də müəyyənləşir.
12 avqust Sərəncamı – yeni mərhələnin çərçivəsi
Prezident İlham Əliyevin 12 avqust 2026-cı il tarixli “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamı bütün bu istiqamətləri vahid inkişaf çərçivəsində birləşdirir. Sərəncamda Naxçıvanın qədim tarixi, zəngin mədəniyyəti, dövlətçilik ənənələri və yüksək potensialı ilə Azərbaycanın iqtisadi, siyasi və mədəni həyatında xüsusi yer tutduğu vurğulanır. Sənəddə sosial-iqtisadi inkişafın sürətləndirilməsi, infrastruktur təminatının və sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi, məşğulluğun və əhalinin rifahının yaxşılaşdırılması ilə bağlı mühüm tədbirlər müəyyənləşdirilir. Bu baxımdan, Sərəncamı yalnız yeni tədbirlərin siyahısı kimi qiymətləndirmək düzgün olmaz. Bu sənəd əvvəlki illərdə formalaşmış inkişaf xəttinin yeni mərhələdə daha sistemli şəkildə davam etdirilməsini ifadə edir. Enerji, su, yol, sənaye, kənd təsərrüfatı, təhsil, sosial xidmət və şəhərsalma artıq bir-birindən ayrı sahələr deyil. Onlar Naxçıvanın gələcək inkişaf modelinin bir-birini tamamlayan istiqamətləridir.
Səfərlərin göstərdiyi əsas həqiqət
Əslində, burada əsas sual Prezident İlham Əliyevin Naxçıvana neçə dəfə səfər etməsi deyil. Əsas sual budur: bu səfərlər ərzində Naxçıvan necə dəyişib? Cavab səfərlərin özündə deyil, onların yaratdığı nəticələrdə görünür. Hava limanından yollara, enerji təminatından enerji istehsalına, sərhəd-keçid məntəqələrindən regional bağlantılara, sənaye müəssisələrindən Sənaye Parkına, ilk Günəş elektrik stansiyasından yeni “yaşıl enerji” layihələrinə, sosial obyektlərdən DOST Mərkəzinə, ənənəvi nəqliyyatdan elektrik avtobuslarına qədər uzanan inkişaf xətti Naxçıvanın dəyişən simasını göstərir. Lakin bu dəyişiklik yalnız bu günün mənzərəsi ilə məhdudlaşmır. Prezident İlham Əliyevin avqustun 11-də Azərbaycan Televiziyasına verdiyi müsahibə Naxçıvanın qarşıdakı inkişaf mərhələsinə dair daha geniş baxış ortaya qoydu. Dövlət başçısının sözləri ilə desək: “Daha çox iş yerləri açılacaq, iqtisadi fəallıq artacaq və Naxçıvan deyə bilərəm ki, əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcəkdir”. Bu fikir Naxçıvanın inkişaf tarixində yeni məntiqi mərhələnin konturlarını göstərir. Çünki artıq söhbət yalnız mövcud infrastrukturun təkmilləşdirilməsindən getmir. Nəqliyyat bağlantılarının genişlənməsi, enerji istehsalının artması, sənaye potensialının gücləndirilməsi, kənd təsərrüfatının modernləşdirilməsi, şəhər mühitinin yenilənməsi və sosial xidmətlərin müasirləşdirilməsi bir-birini tamamlayan böyük inkişaf sisteminin hissələrinə çevrilir. Əgər əvvəlki mərhələdə əsas məqsəd Naxçıvanın infrastruktur əsaslarını yaratmaq idisə, bu gün həmin əsasların üzərində yeni iqtisadi imkanlar, “yaşıl enerji”, müasir şəhər, rəqəmsal idarəetmə və regional bağlantılar sistemi qurulur. Beləliklə, dəyişən yalnız Naxçıvanın görünüşü deyil. Dəyişən Naxçıvanın imkanları, inkişaf gündəliyi və gələcəyə baxışıdır. 102 illik muxtariyyət tarixinin bu mərhələsində qədim diyar yeni perspektivlərin astanasındadır. Səfərlərin yaratdığı mənzərəyə bütöv şəkildə baxanda isə aydın görünür ki, hər səfər bu böyük inkişaf yolunun müəyyən bir məqamını tamamlayıb.
17-ci səfər bir inkişaf yolunun ayrı-ayrı məqamlarıdır. Həmin yolun adı isə dəyişən Naxçıvandır.
Rəmzi TAHİRLİ
"Şərq qapısı" qəzetinin baş redaktoru








