“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təsis edilməsindən üç il ötür

“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təsis edilməsindən üç il ötür

15 Avqust 2026

“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təsis edilməsindən üç il ötür.

"NAXÇIVANXƏBƏRLƏRİ" -nə müsahibəsində Birliyin mətbuat katibi Bəxtiyar Əliyev bildirib ki, üç il ərzində əsas məqsəd şəhidlərin əziz xatirəsinin yaşadılması, onların hüquq və mənafelərinin müdafiəsinə töhfə vermək olub.

Onun sözlərinə görə, bu müddətdə şəhidlərin doğum və anım günləri ilə bağlı tədbirlər keçirilib, məzarları ziyarət olunub, həyat və döyüş yollarının ictimaiyyətə çatdırılması istiqamətində layihələr həyata keçirilib. Naxçıvan Dövlət Televiziyası ilə əməkdaşlıq çərçivəsində şəhidlər haqqında videoçarxlar hazırlanaraq nümayiş etdirilib.

Bəxtiyar Əliyev qeyd edib ki, Aprel döyüşləri və Sədərək döyüşlərinin ildönümləri ilə bağlı da silsilə tədbirlər təşkil olunub. Şəhid ailələri və övladları üçün Novruz şənlikləri, istirahət proqramları keçirilib, 70 nəfərin Şuşaya səfəri təşkil edilib.

Mətbuat katibinin sözlərinə görə, Birliyin fəaliyyəti Azərbaycan-Türkiyə qardaşlığının şəhid ailələri və qazilər səviyyəsində möhkəmləndirilməsi istiqamətini də əhatə edib. Bu çərçivədə Naxçıvandan olan şəhid ailələri və qazilərin Türkiyənin İğdır əyalətində türkiyəli şəhid ailələri və qazilərlə görüşü təşkil olunub.

B.Əliyev bildirib ki, 2026-cı ildə də fəaliyyət davam etdirilib. Şəhid övladları üçün bayram tədbirləri keçirilib, mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə görüşlər təşkil olunub. İyul ayında isə “Şəhid övladlarının intellektual inkişaf proqramı” çərçivəsində Ağbulaq İstirahət Mərkəzində iki günlük yay düşərgəsi keçirilib.

“Əsas məqsəd dəyişməyib: şəhidlərimizin adını və əziz xatirəsini yaşatmaq, şəhid ailələrinin yanında olmaq və onların övladlarına diqqət və qayğı göstərmək”, – deyə Bəxtiyar Əliyev vurğulayıb.

O əlavə edib ki, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyi bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirəcək.

Müsahibəni hazırladı: 

Xosrov İbrahimov