Babəkdə taxıl biçini 98 faiz başa çatıb, məhsuldarlıq artıb

Babəkdə taxıl biçini 98 faiz başa çatıb, məhsuldarlıq artıb

28 İyul 2026

Babək rayonunda 2025-ci ilin payızında və 2026-cı ilin yazında ümumilikdə 4282,8 hektar sahədə taxıl əkini aparılıb. Əkin sahələrinin 931,1 hektarını buğda, 3351,7 hektarını isə arpa təşkil edib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ" -nə müsahibəsində Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Naxçıvan Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Fariz Şıxəliyev məlumat verib.

Fariz Şıxəliyev bildirib ki, hazırda rayon ərazisində biçin işləri intensiv şəkildə davam etdirilir:

“Hazırkı vəziyyətə 4195,5 hektar sahədə biçin aparılıb ki, bu da ümumi əkin sahələrinin 98 faizini təşkil edir.”

Direktorun sözlərinə görə, bu il hava şəraitinin əlverişli keçməsi, suvarma suyuna tələbatın tam ödənilməsi və aqrotexniki tədbirlərin vaxtında, keyfiyyətlə yerinə yetirilməsi yüksək məhsuldarlığa şərait yaradıb.

“Ötən il hər hektardan orta hesabla 27,8 sentner məhsul əldə olunurdusa, bu il bu göstərici 34,4 sentnerə yüksəlib. Beləliklə, hər hektar üzrə məhsuldarlıq 6,6 sentner artıb.”

Fariz Şıxəliyev əlavə edib ki, biçin prosesi Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Babək Rayon İcra Hakimiyyətinin nəzarəti altında davam etdirilir.

Müsahibəni hazırladı: 

Xosrov İbrahimov