Əkbər Bədəlov: Naxçıvanda Meydantəpədə 700-dən çox arxeoloji tapıntı aşkarlanıb
AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun "Antik Naxçıvan" arxeoloji ekspedisiyası 2026-cı il tədqiqat mövsümündə Naxçıvandakı antik dövrə aid Meydantəpə qədim şəhərtipli yaşayış yerində qazıntıları davam etdirir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, eramızdan əvvəl IV əsrdən eramızın III əsrinədək olan dövrü əhatə edən abidədə aparılan ekspedisiya 30 gün davam edəcək.
Ekspedisiyanın rəhbəri, AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əkbər Bədəlov bildirib ki, hazırda 480 kvadratmetr ərazidə arxeoloji qazıntılar aparılır. Qazıntı sahəsi 3 hissəyə bölünüb.
Onun sözlərinə görə, indiyədək qazıntılar zamanı 200-ə yaxın forma verən saxsı məmulatı və daş əmək aləti, həmçinin 500-dən çox formasız saxsı qalıqları aşkar edilib. Tapıntılar arasında əsas yeri saxsı məmulatları tutur.
Tədqiqatların Meydantəpə qədim yaşayış yerinin tarixi, şəhərsalma ənənələri və antik dövr mədəniyyətinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıdığı bildirilir.
Müsahibəni hazırladı:
Xosrov İbrahimov









