Rauf Əliyev: Naxçıvanda GPON şəbəkəsinin qurulması işləri uğurla davam etdirilir

Rauf Əliyev: Naxçıvanda GPON şəbəkəsinin qurulması işləri uğurla davam etdirilir

22 İyul 2026

2026-cı ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında nəqliyyat sektorunda müsbət dinamika qeydə alınıb.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi MMC-nin əməkdaşı Rauf Əliyev bildirib ki, ilin ilk yarısında muxtar respublikada 3 milyon 539 min 400 ton yük və 23 milyon 457 min 500 sərnişin daşınıb.

Onun sözlərinə görə, bu göstəricilər 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması üzrə 1,1 faiz, sərnişin daşınması üzrə isə 0,9 faiz artım deməkdir.

"İlk baxışdan bu faizlər böyük görünməsə də, milyonlarla ton yük və sərnişin miqyasında bu, kifayət qədər əhəmiyyətli artımdır.

Rauf Əliyev qeyd edib ki, Naxçıvan rəqəmsallaşma və nəqliyyat sahəsində yeni inkişaf mərhələsinə qədəm qoyur. Onun sözlərinə görə, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq fiber-optik xətlərin çəkilişi və GPON şəbəkəsinin qurulması işləri uğurla davam etdirilir. Bu layihələrin həyata keçirilməsi nəticəsində sakinlərin yüksəksürətli internet xidmətlərindən istifadəsi təmin olunacaq.

Müsahib qeyd edib ki, ekoloji cəhətdən təmiz ictimai nəqliyyatın yaradılması istiqamətində də mühüm addımlar atılır. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin 4 mart 2025-ci il tarixli Sərəncamına əsasən, Naxçıvan şəhərində yalnız elektrik mühərrikli avtobuslarla sərnişindaşımanın təşkili məqsədilə "BakuBus" MMC-yə 33 milyon 449 min manat vəsait ayrılıb. Layihə çərçivəsində 60 elektrobusun alınması, enerjidoldurma məntəqələrinin quraşdırılması və qaraj infrastrukturunun yenilənməsi nəzərdə tutulub.

"Artıq 60 ədəd elektrobus Naxçıvan şəhərinə gətirilib və zəruri infrastruktur qurulub. Yaxın vaxtlarda paytaxtda elektrik mühərrikli, ekoloji təmiz və təhlükəsiz avtobuslar sərnişinlərə xidmət göstərəcək", – deyə Rauf Əliyev əlavə edib.

Müsahibəni hazırladı: 

Xosrov İbrahimov