Əli Orucov: Naxçıvanda məscidlərdə yaradılan kitab guşələri maariflənməyə xidmət edir
Naxçıvanda məscidlərdə kitab rəflərinin yerləşdirilməsi və hər birinə 100 nüsxə kitabın təqdim olunması cəmiyyətin maariflənməsinə xidmət edən mühüm təşəbbüslərdən biridir.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində bu fikirləri Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın sədri Əli Orucov səsləndirib.
Əli Orucov bildirib ki, layihənin əsas məqsədi insanların, xüsusilə də gənclərin kitaba marağını artırmaq, onların asudə vaxtlarını səmərəli keçirməsinə və mütaliə vərdişlərinin formalaşmasına töhfə verməkdir.
Şura sədri vurğulayıb ki, məscidlər tarix boyu yalnız ibadət yeri deyil, eyni zamanda elm, maarif və mənəvi dəyərlərin təbliğ olunduğu məkanlar kimi fəaliyyət göstərib. Onun sözlərinə görə, məscidlərdə yaradılan kitab guşələri ziyarətçilərə dini, tarixi və mənəvi mövzular üzrə faydalı biliklər əldə etmək imkanı yaradacaq.
"Kitab insanın dünyagörüşünü genişləndirir, onu daha məlumatlı, düşüncəli və mənəvi cəhətdən zənginləşdirir. Bu baxımdan hər bir vətəndaşı məscidlərdə yaradılan kitabxanalardan istifadə etməyə, mütaliəyə vaxt ayırmağa çağırıram", – deyə Əli Orucov qeyd edib.
Əli Orucov sonda bu təşəbbüsün gələcəkdə daha da genişlənəcəyinə və cəmiyyətdə kitab oxuma mədəniyyətinin inkişafına mühüm töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Müsahibəni hazırladı:
Xosrov İbrahimov








