Babək rayonunda 555,75 kiloqram yaş barama tədarük olunub
Babək rayonunda baramaçılıq mövsümü uğurla başa çatıb. Cari mövsümdə rayon üzrə ümumilikdə 555,75 kiloqram yaş barama tədarük edilib.
Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Turan İmanov "NAXÇIVANXƏBƏRLƏRİ"nə bildirib ki, mövsümün əvvəlində Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən rayona 11 qutu ipəkqurdu toxumu (barama) paylanılıb. Barama qutuları rayonun Nehrəm qəsəbəsi, Badaşqan, Şıxmahmud, Zeynəddin, Məmmədrza Dizə və Nəhəcir kəndlərində fəaliyyət göstərən 6 kümçüyə təqdim olunub.
Onun sözlərinə görə, mövsüm ərzində kümçülər tərəfindən aqrotexniki tələblərə uyğun qulluq işləri həyata keçirilib. Görülən tədbirlər nəticəsində yüksək məhsuldarlıq əldə olunaraq rayon üzrə 555,75 kiloqram yaş barama tədarük edilib.
Turan İmanov qeyd edib ki, məhsuldarlıq göstəricilərinə əsasən Babək rayonunun Şıxmahmud kəndi 103 kiloqram yaş barama tədarük edərək Naxçıvan Muxtar Respublikası üzrə ikinci yeri tutub. Bu nəticə kənddə baramaçılıq sahəsində görülən məqsədyönlü işlərin və kümçülərin zəhmətinin göstəricisidir.
Onun sözlərinə görə, Babək rayonunda baramaçılığın inkişafına xüsusi diqqət yetirilir. Bu sahənin genişləndirilməsi kənd əhalisinin məşğulluğunun artırılması, əlavə gəlir mənbələrinin formalaşdırılması və ənənəvi təsərrüfat sahələrinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Turan İmanov vurğulayıb ki, dövlət tərəfindən aqrar sahəyə göstərilən dəstək, fermerlərin təşviqi və baramaçılığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər gələcək illərdə də bu sahədə daha yüksək nəticələrin əldə olunmasına, məhsuldarlığın artırılmasına və kümçülük ənənələrinin daha da genişlənməsinə əlverişli zəmin yaradır.
Müsahibəni hazırladı:
Xosrov İbrahimov








