Nihad Kərimli: Ordubadda 477 hektardan çox taxıl sahəsində biçin aparılıb

Nihad Kərimli: Ordubadda 477 hektardan çox taxıl sahəsində biçin aparılıb

02 İyul 2026

Ordubad rayonunda 2026-cı ilin məhsulu üçün 2025-ci ilin payızında 463,1 hektar sahədə payızlıq, 2026-cı ilin yazında isə 118,1 hektar sahədə yazlıq taxıl əkini aparılıb. Beləliklə, rayonda ümumilikdə 581,2 hektar sahədə taxıl becərilib. Əkin sahələrinin 553,9 hektarını arpa, 27,3 hektarını isə buğda təşkil edib.

Bu fikirləri Culfa Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Nihad Kərimli "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasında taxıl biçininə ilk olaraq 2026-cı il iyunun 6-da Ordubad rayonunda start verilib. Bu günədək 477,1 hektar taxıl sahəsində biçin aparılıb, nəticədə 1384,7 ton məhsul tədarük olunub. Orta məhsuldarlıq hər hektardan 29,02 sentner təşkil edib.

Nihad Kərimli qeyd edib ki, əvvəlki illərlə müqayisədə dövlət tərəfindən aqrar sahəyə göstərilən dəstək tədbirləri, subsidiyalar, güzəştli kreditlər, texnika təminatı və digər stimullaşdırıcı mexanizmlər taxıl istehsalının artmasına və məhsuldarlığın yüksəlməsinə müsbət təsir göstərib.

O əlavə edib ki, taxıl biçininin itkisiz və vaxtında başa çatdırılması məqsədilə Culfa Regional Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən 2026-cı il mayın 22-də aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə regional biçin qərargahı yaradılıb və proses qərargah tərəfindən daim nəzarətdə saxlanılır.

Müsahibəni hazırladı: 

Xosrov İbrahimov