Naxçıvanda ilk qadın kənd təsərrüfatı kooperativi yaradılıb - FOTO
Naxçıvan Muxtar Respublikasında “Aqrosahibkar qadınlarla iş” layihəsi çərçivəsində yaradılan “Fermer” İstehsal-İstehlak Qadın Kooperativinin təqdimatı keçirilib.
Kənd Təsərrüfatı Nazirliyindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, kooperativ kənd qadınlarının iqtisadi imkanlarının genişləndirilməsi, istehsal potensialının birləşdirilməsi və bazar əlaqələrinin gücləndirilməsi məqsədilə yaradılıb.
Hazırda kooperativ Sədərək, Culfa, Ordubad, Babək və Şərur rayonlarını təmsil edən 32 qadın aqrosahibkarı birləşdirir. Üzvlər heyvandarlıq, taxılçılıq, bağçılıq, meyvəqurutma, quşçuluq, çörək və şirniyyat istehsalı kimi sahələrdə fəaliyyət göstərirlər.
Kooperativ üzvlərinin istehsal etdiyi 100-dən artıq çeşiddə məhsul yerli bazarlarda, eləcə də Türkiyənin İğdır vilayətində satışa çıxarılır. Kooperativin əsas hədəfləri vahid məhsul markasının formalaşdırılması, qablaşdırma və marketinqin təkmilləşdirilməsi, satış bazarlarının genişləndirilməsi, logistika və rəqəmsal satış imkanlarının inkişafı, eləcə də ixrac potensialının artırılmasıdır.
“Fermer” İstehsal-İstehlak Qadın Kooperativinin sədri vəzifəsinə Naxçıvan Muxtar Respublikasının Əməkdar kənd təsərrüfatı işçisi Mehparə Hüseynova seçilib.
Naxçıvanda ilk dəfə yaradılan qadın kənd təsərrüfatı kooperativinin kənd qadınlarının iqtisadi fəallığının artırılmasına, ailə təsərrüfatlarının gəlirlərinin yüksəldilməsinə və aqrar sahənin inkişafına töhfə verəcək.













