Naxçıvanda 6 ayda su və kanalizasiya şəbəkələrində 550 qəza aradan qaldırılıb

Naxçıvanda 6 ayda su və kanalizasiya şəbəkələrində 550 qəza aradan qaldırılıb

16 İyul 2026

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin Naxçıvan şəhər Sukanal İdarəsi tərəfindən 2026-cı ilin ilk 6 ayı ərzində şəhər sakinlərinin keyfiyyətli su və kanalizasiya xidmətləri ilə fasiləsiz təmin olunması istiqamətində genişmiqyaslı işlər görülüb.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nə açıqlama verən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin Naxçıvan şəhər Sukanal İdarəsinin əməkdaşı Fəxriyyə Səyyadova bildirib ki, hesabat dövründə su və kanalizasiya şəbəkələrində baş vermiş ümumilikdə 550 qəza və tutulma halı operativ şəkildə aradan qaldırılıb. Eyni zamanda 128 metr uzunluğunda kanalizasiya xətti dəyişdirilib və ya əsaslı təmir olunub.

Onun sözlərinə görə, vətəndaşların müraciətləri əsasında 150-dən çox texniki şərt tam icra edilərək abonentlərin istifadəsinə verilib. Şəhərin su təchizatının yaxşılaşdırılması məqsədilə isə 2 kilometrə yaxın yeni su şəbəkəsi qurularaq istismara verilib.

Fəxriyyə Səyyadova qeyd edib ki, yeni inşa olunan xətlərin Coğrafi İnformasiya Sistemi (CİS) bazasına inteqrasiyası mərhələli şəkildə davam etdirilir. Son 4 ay ərzində 300-ə yaxın su və kanalizasiya qəzası sistemə daxil edilib.

O bildirib ki, magistral şəbəkələrlə yanaşı, Naxçıvan şəhərindəki bütün fərdi yaşayış evləri, çoxmənzilli binalar və qeyri-yaşayış obyektlərinin də CİS bazasına inteqrasiyası həyata keçirilir. İndiyədək sistemə 21 mindən çox təsdiq olunmuş poliqon daxil edilib ki, bu da şəbəkənin rəqəmsal idarəetməsinin daha səmərəli təşkilinə imkan yaradır.

Müsahibəni hazırladı: 

Xosrov İbrahimov