Mərziyyə Hacıyeva: Məscidlər yalnız ibadət deyil, həm də mütaliə məkanı olmalıdır

Mərziyyə Hacıyeva: Məscidlər yalnız ibadət deyil, həm də mütaliə məkanı olmalıdır

16 İyul 2026

Naxçıvan Muxtar Respublikasında məscidlərdə kitabxanaların yaradılması istiqamətində növbəti layihə həyata keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin şöbə müdiri Mərziyyə Hacıyeva "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində bildirib ki, DQİDA-nın tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) "Hər məsciddə kitabxana" layihəsi çərçivəsində Naxçıvan şəhəri ilə yanaşı Sədərək, Şərur, Kəngərli, Babək, Şahbuz, Culfa və Ordubad rayonlarında yerləşən məscidlərə kitab rəfləri və hər birinə 100 ədəd kitab təqdim olunub.

Şöbə müdiri qeyd edib ki, layihənin əsas məqsədi məscidlərdə mütaliə mühitinin formalaşdırılması, milli-mənəvi dəyərlərin təbliği, xüsusilə gənclər arasında oxu mədəniyyətinin təşviq edilməsi, eləcə də dini maarifləndirmə işinin daha da gücləndirilməsidir.

Mərziyyə Hacıyevanın sözlərinə görə, təqdim olunan nəşrlər yalnız dini ədəbiyyatla məhdudlaşmır. Kitablar arasında fəlsəfə, tarix, ədəbiyyat və digər humanitar sahələrə aid əsərlər, həmçinin Azərbaycan və dünya klassiklərinin seçilmiş nümunələri də yer alır. Bu isə məscid kitabxanalarının müxtəlif yaş qruplarından olan oxucular üçün faydalı mütaliə məkanına çevrilməsinə xidmət edir.

Müsahibəni hazırladı: 

Xosrov İbrahimov