Məmmədqulu Səfərov: Şahbuzda taxılın məhsuldarlığı hər hektarda 10 sentner artıb

Məmmədqulu Səfərov: Şahbuzda taxılın məhsuldarlığı hər hektarda 10 sentner artıb

22 İyul 2026

Ötən ilin payızında və cari ilin yazında ümumilikdə 523 hektar sahədə taxıl əkini aparılıb. Əkin sahələrinin 210 hektarını buğda, 313 hektarını isə arpa təşkil edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Naxçıvan Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Məmmədqulu Səfərov saytımıza açıqlamasında məlumat verib.

Bildirilib ki, artıq bir neçə gündür davam edən biçin kampaniyası çərçivəsində 200 hektardan artıq sahədə məhsul yığımı həyata keçirilib. Cari mövsümdə məhsuldarlıq ötən illə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Belə ki, ötən ilin müvafiq dövründə hər hektardan orta hesabla 16,3 sentner məhsul əldə olunduğu halda, bu il bu göstərici 26,3 sentnerə yüksəlib. Bu isə hər hektar üzrə 10 sentner daha çox məhsul deməkdir.

Məmmədqulu Səfərov qeyd edib ki, hava şəraitinin əlverişli keçməsi, suvarma suyuna olan tələbatın tam ödənilməsi və aqrotexniki tədbirlərin vaxtında, keyfiyyətlə yerinə yetirilməsi yüksək məhsuldarlığın əldə olunmasına şərait yaradıb.

O əlavə edib ki, biçin zamanı məhsul itkisinin minimuma endirilməsi məqsədilə müasir kombayn və digər texniki vasitələrdən istifadə olunur.

Qeyd edilib ki, biçin prosesi Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşlarının nəzarəti altında aparılır. Məqsəd məhsul yığımını qısa müddətdə və itkisiz başa çatdırmaqdır.

Müsahibəni hazırladı: 

Xosrov İbrahimov