Babəkdə üzüm bağlarında bol məhsul gözlənilir - FOTO
Babək rayonunda üzümçülük sahəsində cari mövsüm uğurla davam edir. Rayon üzrə ümumilikdə 388 hektar üzüm bağı mövcuddur. Hazırda bağlarda məhsulun yetişmə prosesi davam edir və bu il yüksək məhsuldarlıq gözlənilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Turan İmanov bildirib.
Onun sözlərinə görə, vegetasiya dövrü ərzində üzüm bağlarında aqrotexniki tələblərə uyğun qulluq işləri görülüb. Bağlarda suvarma, becərmə, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri vaxtında həyata keçirilib ki, bu da məhsulun normal inkişafına müsbət təsir göstərib.
Bildirilib ki, hazırda üzüm bağlarında salxımların yetişmə prosesi davam edir. Bağların ümumi vəziyyəti qənaətbəxşdir və mövcud vəziyyət cari mövsümdə bol və keyfiyyətli məhsul əldə olunacağını deməyə əsas verir.
Qeyd olunub ki, Babək rayonu üzümçülük sahəsində zəngin ənənələrə malik bölgələrdən biridir. Üzümçülük kənd təsərrüfatının mühüm istiqamətlərindən biri olmaqla yanaşı, fermer təsərrüfatlarının inkişafına, kənd əhalisinin məşğulluğunun artırılmasına və yerli məhsul istehsalının genişlənməsinə də mühüm töhfə verir.
Vurğulanıb ki, dövlət tərəfindən aqrar sahəyə göstərilən dəstək, fermerlərin zəhməti və aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi üzümçülüyün davamlı inkişafına şərait yaradır. Bu amillər həm məhsuldarlığın artırılmasına, həm də gələcək illərdə rayonun üzümçülük potensialının daha da güclənməsinə əlverişli zəmin yaradır.
Müsahibəni hazırladı:
Xosrov İbrahimov









