"Şərur" Xalq Yallı Ansamblı Türkiyədə keçiriləcək beynəlxalq festivala yola düşüb
Şərur Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən "Şərur" Xalq Yallı Ansamblı Türkiyə Respublikasının Artvin vilayətinin Şavşat rayonunda keçiriləcək 33-cü Beynəlxalq Şavşat Sahara Mədəniyyət və İncəsənət Festivalında iştirak etmək üçün yola düşüb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 24–26 iyul 2026-cı il tarixlərində Şavşat Kaymakamlığı və Şavşat Bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçiriləcək festivalda "Şərur" Xalq Yallı Ansamblı Azərbaycanı və zəngin milli yallı sənətimizi beynəlxalq səviyyədə layiqincə təmsil edəcək.
Festival çərçivəsində müxtəlif ölkələrin folklor kollektivlərinin iştirakı ilə konsert proqramları, mədəni tədbirlər və yaradıcılıq görüşləri təşkil olunacaq. Ansamblın təqdim edəcəyi qədim Şərur yallıları milli-mədəni irsimizin təbliğinə, ölkələrimiz arasında dostluq və mədəni əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək.








