Naxçıvan Dövlət Kukla Teatrı yeni layihələr və zəngin repertuarla inkişaf mərhələsindədir

Naxçıvan Dövlət Kukla Teatrı yeni layihələr və zəngin repertuarla inkişaf mərhələsindədir

21 İyul 2026

Naxçıvan Dövlət Kukla Teatrı son dövrlərdə yaradıcılıq fəaliyyətini genişləndirmək, repertuarını zənginləşdirmək eləcə də uşaq və gənclərin teatra marağını artırmaq istiqamətində ardıcıl işlər həyata keçirir.

Teatrda hazırlanan yeni tamaşalar, yaradıcı heyətin inkişafı və gələcək layihələr barədə Naxçıvan Dövlət Kukla Teatrının direktoru Səyyad Məmmədov əməkdaşımızın suallarını cavablandırıb.

Səyyad Məmmədov bildirib ki, son aylarda teatrın əsas məqsədi yaradıcılıq fəaliyyətini daha da canlandırmaq və tamaşaçı auditoriyasını genişləndirmək olub. Onun sözlərinə görə, 2025–2026-cı il teatr mövsümü ərzində 110 tamaşa nümayiş etdirilib, 5 yeni tamaşa hazırlanaraq teatrsevərlərin ixtiyarına verilib.

Direktorun sözlərinə görə, müxtəlif yaş qrupları üçün hazırlanan yeni tamaşalar repertuarı daha da zənginləşdirib. Uşaqların həm estetik zövqünü formalaşdıran, həm də milli-mənəvi dəyərləri aşılayan səhnə əsərlərinə üstünlük verilib.

Direktor qeyd edib ki, kukla teatrı uşaqların ilk sənət və teatr mühiti ilə tanış olduğu vacib mədəniyyət ocaqlarından biridir. Bu baxımdan repertuar seçilərkən əsərlərin yaş xüsusiyyətlərinə uyğunluğu, maraqlı süjeti və tərbiyəvi məzmunu əsas meyar kimi götürülür. Klassik nümunələrlə yanaşı, müasir yanaşmaların da repertuarda yer almasına xüsusi diqqət yetirilir.

Səyyad Məmmədov vurğulayıb ki, teatrın inkişafında yaradıcı heyətin peşəkarlığının artırılması mühüm istiqamətlərdən biridir. Gənc aktyorların teatra cəlb olunması, onların yaradıcılıq potensialının üzə çıxarılması və yeni ideyaların dəstəklənməsi bu istiqamətdə görülən işlərin əsas hissəsini təşkil edir.

Direktor əlavə edib ki, son 6 ay ərzində teatr 8 minə yaxın uşaq və böyük tamaşaçı qəbul edib.

Həmsöhbətimiz yaxın dövr üçün nəzərdə tutulan planlardan da danışıb. O bildirib ki, yeni tamaşaların hazırlanması, fərqli səhnə həllərinin tətbiqi, innovativ layihələrin həyata keçirilməsi və tamaşaçı ilə daha sıx əlaqələrin qurulması teatrın əsas hədəflərindəndir. Bu istiqamətdə beynəlxalq əməkdaşlığın da genişləndirildiyini qeyd edən Səyyad Məmmədov bildirib ki, Naxçıvan Dövlət Kukla Teatrı hətta tarixində ilk dəfə beynəlxalq memorandum imzalayıb.

Bundan əvvəl teatrın Gəncə Dövlət Kukla Teatrı və Qax Dövlət Kukla Teatrı ilə əməkdaşlıq əlaqələri mövcuddur.

Daha sonra 14 may 2026-cı il tarixində M.T. Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı ilə Ərzurum Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrları arasında imzalanan əməkdaşlıq memorandumu qarşılıqlı təcrübə mübadiləsi, ortaq layihələrin həyata keçirilməsi və teatr əlaqələrinin daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Əlavə olaraq aktyorların bilik və bacarıqlarını artırmaq məqsədilə 3 Ustad dərsi keçirilib.

Səyyad Məmmədov Azərbaycan Milli Mətbuatının 151-ci ildönümü münasibətilə keçirilən tədbirdə teatr sənətinin inkişafı və təbliğində xidmətlərinə görə Fəxri Fərmanla təltif olunmasına da toxunaraq bildirib ki, bu qiymətləndirmə ilk növbədə teatr kollektivinin əməyinə verilən dəyərin ifadəsidir və onları daha böyük yaradıcılıq uğurlarına sövq edir.

Mənsurə HÜMBƏTOVA