Sətirlərin arxasında

Sətirlərin arxasında

22 İyul 2026

Bir redaktorun qeydləri

Jurnalist olmaq təkcə xəbər yazmaq deyil. Bəzən hadisəni ilk görən, amma onu son yaşayan insan olmaqdır. Çünki hamı tədbirdən ayrıldıqdan sonra bizim işimiz yeni başlayır. Xəbər yazılır, videolar montaj olunur, fotolar seçilir, başlıqlar üzərində dəfələrlə düşünülür. Oxucu səhər hazır xəbəri görür, amma onun arxasında bir komandanın gecəyə qədər davam edən əməyi dayanır.

Artıq bir neçə ildir ki, Naxçıvan Dövlət Universiteti Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektorluğunun Media və ictimaiyyətlə əlaqələr şöbəsində çalışıram. Bu illər ərzində bir həqiqəti öyrənmişəm: bizim işimiz tədbir başlayanda yox, əslində ondan əvvəl başlayır və tədbir başa çatanda da bitmir.

Bəzən mənə “Media və ictimaiyyətlə əlaqələr şöbəsində işləmək necə hissdir?” sualını verirlər. Hər dəfə bu suala cavab verməkdə çətinlik çəkirəm. Çünki bizim bir günümüzü bir neçə cümlə ilə ifadə etmək mümkün deyil. Elə gün olur ki, səhər beynəlxalq konfransdayıq, günorta rəsmi görüşü işıqlandırırıq, axşam isə gecəyarısına qədər xəbərin son cümləsi, videonun son kadrı üzərində işləyirik.

Bizim işimiz tədbiri izləmək deyil, onu cəmiyyətə düzgün çatdırmaqdır. Universitetdə keçirilən beynəlxalq konfranslar, forumlar, elmi simpoziumlar, mədəni tədbirlər, rəsmi görüşlər, memorandumların imzalanması, uğurlu tələbələrin və müəllimlərin nailiyyətləri – bütün bunlar bizim gündəlik fəaliyyətimizin ayrılmaz hissəsidir. Tədbirdən əvvəl plan qurur, müsahibələr üçün suallar hazırlayır, çəkiliş istiqamətlərini müəyyənləşdiririk. Tədbir zamanı isə eyni anda həm dinləyir, həm qeydlər aparır, həm müsahibələr götürür, həm də artıq yazacağımız xəbəri beynimizdə formalaşdırırıq.

Hazırladığımız yazılar təkcə baş verən hadisələri əks etdirmir. Biz universitetimizin uğurlarını, beynəlxalq əməkdaşlıqlarını, elmi nailiyyətlərini, həyata keçirilən layihələri, imzalanan memorandum və müqavilələrin əhəmiyyətini ictimaiyyətə çatdırırıq. Mübadilə proqramları haqqında hazırladığımız yazılarla tələbələrə yeni imkanların qapısını göstərməyə çalışırıq. Çünki bəzən bir xəbər, bir müsahibə və ya bir reportaj kiminsə gələcək seçiminə təsir edə bilir.

Fəaliyyətimizin vacib istiqamətlərindən biri də jurnalistika ixtisası üzrə təhsil alan tələbələrlə işləməkdir. Gələcəyin media nümayəndələrinin peşəkar mühitdə formalaşması üçün onları şöbəmizin gündəlik fəaliyyətinə cəlb edir, nəzəri biliklərini praktik təcrübə ilə möhkəmləndirmələrinə dəstək oluruq. Tələbələr universitetimizin studiyasında televiziya verilişləri hazırlayır, radio studiyasında müxtəlif mövzularda radio proqramları ərsəyə gətirir, reportajlar, müsahibələr və xəbər süjetləri üzərində işləyirlər. Biz isə bu prosesdə onlara istiqamət verir, xəbər yazmağın incəliklərini, müsahibə mədəniyyətini, kamera qarşısında davranış qaydalarını və media etikasını praktik şəkildə öyrətməyə çalışırıq. Onların ilk uğurlarına şahid olmaq, peşəkar jurnalist kimi formalaşmalarına töhfə vermək isə gördüyümüz işin ən qürurverici tərəflərindən biridir.

Bu gün media yalnız yazmaqdan ibarət deyil. Bununla yanaşı biz press-relizlər, sosial şəbəkələr üçün məzmun hazırlayır, videoların ssenarisini yazır, ölkədaxili media qurumları ilə mütəmadi əlaqə saxlayır, universitetimizin fəaliyyətini daha geniş auditoriyaya çatdırmağa çalışırıq. Eyni zamanda şöbəmizə daxil olan müraciətləri cavablandırır, qaynar xətt vasitəsilə daxil olan zəngləri aidiyyəti üzrə yönləndiririk. Görünməyən bu işlər də bizim gündəlik fəaliyyətimizin mühüm hissəsidir.

Ancaq bu işləri təkbaşına görmək mümkün deyil.

Mən həmişə düşünürəm ki, uğurlu bir xəbərin müəllifi yalnız onu yazan redaktor deyil. O xəbərdə fotoqrafın baxışı, operatorun peşəkarlığı, videoqrafın yaradıcılığı, montajçının zəhməti, qrafik dizaynerin estetik zövqü yaşayır. Fotoqraflarımız ən təsirli anı bir kadra sığışdırır, operatorlarımız və videoqraflarımız bəzən rejissor kimi çəkilişi yönləndirirlər. Montajçılarımız və dizaynerlərimiz isə bütün bu materiallara son nəfəsi verirlər. Oxucunun və izləyicinin qarşısına çıxan hər xəbər, hər video, hər paylaşım əslində böyük bir komandanın əməyinin nəticəsidir.

Bəzən günün necə başlayıb necə bitdiyini hiss etmirəm. Yorğunluq olur, tələsik naharlar, bitmək bilməyən montajlar, dəfələrlə yenidən yazılan mətnlər, son dəqiqəyə qədər dəyişən proqramlar da olur. Amma bütün bunlara baxmayaraq, hər gün işə eyni həvəslə gəlirəm. Çünki jurnalistika mənim üçün sadəcə peşə deyil, həyat tərzidir.

Naxçıvan Dövlət Universitetinin böyük ailəsinin və bu uğurlu komandanın bir üzvü olmaq, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektorluğun Media və İctimaiyyətlə Əlaqələr şöbəsində çalışmaq mənim üçün böyük qürur və məsuliyyətdir. Burada çalışmaq təkcə peşəmi icra etmək deyil, universitetimizin hər uğuruna yaxından şahidlik etmək, onun inkişaf yolunu qələmə almaq və bu yolun kiçik də olsa bir hissəsinə çevrilmək deməkdir.

Hazırladığım hər xəbərdən, işıqlandırdığım hər tədbirdən, cəmiyyətə çatdırdığım hər uğur hekayəsindən zövq alıram. Bilirəm ki, yazdığımız hər sətir, çəkdiyimiz hər kadr, hazırladığımız hər reportaj sabah universitetimizin tarixinin bir parçasına çevriləcək. Bu düşüncə mənə daha məsuliyyətlə çalışmağı öyrədir və gördüyüm işə sevgimi hər gün bir az da artırır.

Bəlkə də elə buna görə bütün yorğunluqlar günün sonunda unudulur. Çünki sevdiyin işi görmək, sevdiyin kollektivin bir parçası olmaq və universitetinin uğurlarını cəmiyyətə çatdırmaq bütün çətinliklərə dəyir.

22 İyul - Milli Mətbuat və Jurnalistika Günü münasibətilə cəmiyyətin doğru informasiya ilə təmin olunması üçün əziyyət çəkən bütün həmkarlarımı ürəkdən təbrik edirəm.

Peşəmizin məsuliyyəti böyükdür, amma onun verdiyi mənəvi dəyər daha böyükdür. Qələmimiz həmişə həqiqəti yazsın, obyektivimiz isə zamanın ən dəyərli anlarını gələcək nəsillərə ötürsün. Çünki biz sadəcə xəbər hazırlamırıq. Biz zamanı sənədləşdirir, insanların uğurlarını görünən edir və gələcəyin salnaməsini yazırıq.

Badəm ƏLİYEVA

NDU Media və ictimaiyyətlə əlaqələr şöbəsi