Sığorta ödənişinin verilməsinin əsasları dedikdə nə başa düşülür? -

Sığorta ödənişinin verilməsinin əsasları dedikdə nə başa düşülür? - HÜQUQ MƏSLƏHƏTİ

22 İyul 2026

Sual: Sığorta ödənişinin verilməsinin əsasları dedikdə nə başa düşülür?

Cavab: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 933-cü maddəsinə əsasən:

Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir:

1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin  sığortaçıya ünvanladığı sığorta tələbi;

2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd;

3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər.

Mülki Məcəllənin 933.1.1-ci maddəsi tibbi sığorta sinfi üzrə sığorta hadisələrinə şamil edilmir.

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda Mülki Məcəllənin 933.1.2-ci maddəsində nəzərdə tutulmuş sənəd tələb edilmir. Sağlamlığa zərər dəyməsi faktının mövcud olduğu hallar istisna olmaqla, könüllü sığorta müqaviləsi üzrə sığorta hadisəsi nəticəsində dəymiş zərərin həcmi bu məqsədlə müvafiq sığorta qaydalarında müəyyən edilmiş həddən az olduqda, həmçinin sığorta hadisəsinin baş vermə səbəbləri və təfərrüatlarının təhrif edilməsi barədə sığortaçıda hər hansı əsaslandırılmış şübhə olmadıqda, sığorta ödənişinin həyata keçirilməsi üçün Mülki Məcəllənin 933.1.2-ci maddəsində nəzərdə tutulmuş sənəd tələb edilməyə bilər.

Sualı cavablandırdı: Şahbuz  rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas - Yaqub Salamzadə