Süni intellektlə saxta foto və video hazırlayanları hansı cəza gözləyir? -

Süni intellektlə saxta foto və video hazırlayanları hansı cəza gözləyir? - HÜQUQ MƏSLƏHƏTİ

21 İyul 2026

Sual: Süni intellekt vasitəsilə şəxsin razılığı olmadan saxta foto, video və ya audio hazırlamaq və yaymaq qanunla cəzalandırılırmı?

Cavab: Bəli. Cinayət Məcəlləsinin 148-2-ci maddəsinə əsasən, şəxsin razılığı olmadan onun görüntüsü və ya səsindən istifadə edilərək süni intellekt və ya xüsusi proqram təminatı vasitəsilə reallığı əks etdirməyən foto, video və audio materialların hazırlanması və ya yayılması cinayət məsuliyyəti yaradır.

Bu əmələ görə 3 000 manatdan 7 000 manatadək cərimə, 360 saatdan 480 saatadək ictimai işlər, 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq oluna bilər.

Əgər əməl bir qrup şəxs tərəfindən, iki və ya daha çox şəxsə qarşı, şəxsin şərəf və ləyaqətini ləkələmək məqsədilə və ya xidməti vəzifəsi ilə əlaqədar törədilərsə, 3 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov