“Əkinçi” qəzeti: Milli oyanışın və maarifçilik ideyalarının carçısı

“Əkinçi” qəzeti: Milli oyanışın və maarifçilik ideyalarının carçısı

21 İyul 2026

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “... Görkəmli ziyalı, publisist, təbiətşünas  alim Həsən bəy Zərdabi tərəfindən  Azərbaycan dilində  nəşr olunmağa başlayan “Əkinçi” qəzeti milli  mətbuatımızın ilk nümunəsi kimi öz adını tarixə  yazmışdır”

XIX əsr xalqımızın ictimai-iqtisadi və mədəni həyatında bir çox cəhətdən seçilən əsrdir. Məhz bu əsrdə Azərbaycanda elm, mədəniyyət,  ədəbiyyat, yeni istiqamətdə inkişaf etməyə başlayır.

Bildiyimiz kimi, XIX əsri səciyyələndirən  mühüm hadisələrindən biri də milli mətbuatın yaranması məsələsi idi. Milli mətbuatın yaranmasında Azərbaycanın görkəmli alimi, maarif¬pərvəri Həsən bəy Məlikov Zərdabinin böyük xidmət¬ləri olmuşdur. Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə milli mətbuatın əsası qoyulur. “Əkinçi” qəzeti 1875-ci il iyul ayının 22-dən nəşrə başlayır. Qəzeti nəşr etməkdə müəllifin əsas məqsədi xalqı elmə, təhsilə cəlb etmək idi. İstəyirdi ki, yatmış xalqı qəflət yuxusundan oyansın, zülm və cəhalətdən azad olsun.

“Əkinçi” qəzetinin əvvəlinci nömrəsində Həsən bəy Zərdabi (“Əkinçi” 22 iyul 1875) qəzetin fəaliyyəti barədə məlumat verir və  qəzetin məzmununun fəaliyyət istiqamətlərini fəsillərə bölür. Təbii ki, hər bir fəsil üzrə yazılan xəbərlər, hər hansı bir məsələ Azərbaycan xalqının tərəqqisinə xidmət etməkdən ibarət idi.

“Əkinçi” qəzetini çap edən Həsən bəy Zərdabi “Əkinçi”nin əsas yazarı olmaqla, o, həm qəzetin naşiri, redaktoru, baş məqalələrin müəllifi, texniki bir işçisi və həm də korrektoru kimi fəaliyyət göstərirdi.

Zərdabi qəzetin fəasilləri haqqında belə yazırdı: “Əkinçi” qəzetində bu aşağıda adlanan fəsillər olacaqdır. Əvvəlinci fəsil daxiliyə olacaqdır, yəni qəzetin münsisinin öz tərəfindən qeydlər olacaqdır. İkinci fəsildə əkin və ziraət xəbərləri olacaqdır, yəni bizim ya qeyri vilayətlərdə olan əkinlərdən, onları əkib becərməkdən, onları əkib becərən vaxtda işlənən əsbablardan, əkin yerini şum etməkdən, əkin yerini qüvvətli etməkdən ötrü o yerə qeyri şeylər qarışdırmaqdan, xülasə, əkindən və əkini biçib götürüb qurudub döyüb saxlamaqdan danışıq olacaqdır. Həmçinin bu ikinci fəsildə maldarlıqdan və mallardan əmələ gələn şeylərdən danışıq olacaqdır, yəni bizim və ya qeyri vilayətlərdə nə cism mallar saxlamaqdan və ya nə tövr saxlamaqdan və onlardan əmələ gələn şeyləri nə tövr yaxşıraq əmələ gətirməkdən danışıq olacaqdır. Üçüncü fəsildə elm xəbərləri olacaqdır, yəni elm ya imtahan yolu ilə aşkar olan, məsələn insanın bədəninə və malına nəti olan xəbərlərdən danışıq olacaqdır. Dördüncü fəsildə təzə xəbərlər olacaqdır və bu təzə xəbərlər bir neçə qism olacaqdır. Əvvəla, ticarət xəbərləri olacaqdır, yəni bizim vilayətimizdə və ya qeyri vilayətlərdə bir şey, məsələn, buğda filan şəhərdə ya filan kənddə nə qiymətə və nə tövr satılmaqdan xəbər verəcəkdir.

Sani, bizim Rusiya dövlətinin və qeyri dövlətlərin politika xəbərlərindən danışıq olacaqdır, yəni padşahların və onların büzəralarının aralarında olan danışıqlardan və dövlətlər arasında olan cənglərdən xəbər verəcəkdir. Salis, Rusiya dövləti tərəfindən öz tabelərinə sadiq olan hökmlərdən xəbər verəcəkdir. Rabe, bizim kənd sudlarında ya miravoy sudda və ya okruynay sudda qət olan işlərin ümdəsinin qətnaməsi olacaqdır. Xamis, yuxarıda zikr olan xəbərlərdən savayı hər bir vilayətdə aşkar olan məşhur naxoşluq ya yanqu, ya oğurluq və ya qeyri qism xəbərlərdən danışıq olacaqdır”.

"Əkinçi" qəzeti zəngin materiala malikdir. Həsən bəy Zərdabi və "Əkinçi"nin digər əməkdaşları dövrün zəruri problemlərini görərək, onları qəzetin səhifələrində işıqlandırmağa çalışmışlar.

“Əkinçi” qəzeti həm də dəyişən zamanda və dəyişən şərtlər daxilində xalqı yaşayış uğrunda mübarizəyə hazır olmağa səsləyirdi. “Bizim zəmanəmiz dəyişib, biz elm sahiblərinə rast gəlmişik” – deyə Həsənbəy Zərdabi “Daxiliyyə” adlandırdığı baş məqalələrin birində yazırdı: “Bizim ilə zindəganlıq cəngi edən millətlər elm təhsil edirlər. Ona binaən gərək biz də elm təhsil edək ki, onlara zindəganlıq cəngində qalıb olmasaq da, onların bərabərində dayanıb duraq, yoxsa dövlət və xoşgüzəranlıq onların əlinə gedəcəkdir və bizlər mürur ilə zindəganlıq cəngində məğlub olub tələf olacayıq”.

Zərdabi xalqın başına gələn fəlakətlərin və açılan oyunların əsas səbəbini savadsızlıqda, cahillik və fanatizmdə görürdü. Bu məqsədlə “Əkinçi”də o dövrün azərbaycanlısının təsəvvürlərini genişləndirməyə, onu dünyada gedən proseslərdən xəbərdar etməyə yönələn onlarla yazı, məqalə çap olunmuşdu.

Onu da qeyd edək ki, “Əkinçi” qəzeti XIX əsrin ikinci yarısında yalnız Azərbaycan tarixinin deyil , eləcə də o dövrdə bütün dünyada baş verən ictimaisiyasi proseslərin düzgün qiymətləndirilməsi, iqtisadi və mədəni hadisələrin öyrənilməsi, tarixi həqiqətlərin üzə çıxarılması üçün əvəzsiz  bir mənbə roluna malikdir.

“Əkinçi” qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu. Qəzetin fəaliyyəti Azərbaycanda maarifçiliyin əsasını möhkəmləndirmiş, millətin yeni qələm sahiblərinin − təfəkkürlü ziyalıların, neçə-neçə jurnalist nəslinin yetişməsində böyük tarixi xidmətlər göstərmişdir. “Əkinçi”, eyni zamanda, qadın azadlığı və qadın təhsili məsələlərini təbliğ etmiş, dini mövhumata, xurafata və cəhalətə qarşı kəskin çıxışlar etmiş, dövrünün ictimai-siyasi, eləcə də bədii düşüncənin inkişafına böyük təkan vermişdir. Ən əsası da bütün bu ictimai azadlıq ideyaları milli dilimizdə − Azərbaycan dilində reallaşdırılmışdır.

Bir sözlə, “Əkinçi” zamanın tələbləri səviyyəsində dayanaraq öz səhifələrində azadlıq, maarifçilik ideyaları təbliğ edir, həyatı daim dəyişməkdə, irəli getməkdə görür, xalqı yeniliyə səsləyib “Zəmanə sənə saz olmasa, sən zəmanəyə saz olginən. Pis olmaz ki, dünyada həmişə bir qayda ilə rəftar olunsun” deyirdi.

“Əkinçi” qəzetinin proqramı olduqca zəngin idi. Bu zəngin proqram içərisində xalqı nadanlıqdan, maarifsizlikdən, gerilikdən, savadsızlıqdan çıxarıb, geniş mədəniyyət yoluna aparmaq, təhsil, elm sahəsində ona öz hüququnu başa salmaq, savadlı etmək, məktəb açıb onları oxutmaq məsələsi geniş yer tuturdu. Qəzet yazırdı ki, xalqımızın inkişafına mane olan səbəblərdən biri də mövhumatdır. Mədəniyyət inkişaf edir, yeni ixtiralar kəşf edilir, lakin bizim müsəlman aləmi yerində sayır. Dünya bir şeydir ki, həmişə dövran edir və insan bu dövr dünyanın gərdişinə görə öz rəftarını da dəyişdirməlidir". “Dünya beş gündür, beşi də qaradır” deyənlər başa düşmürlər ki, dünyası olmayan axırda yox olur”. Biz öz qüvvəmizlə bu yoxsulluqdan xilas olmalıyıq. Biz bunu etməyə cəhd göstərməliyik, “bizə göydən kömək gəlməyəcək”.

“Əkinçi” qəzetinin nəşri ilə dilimizin və mədəniy¬yətimizin inkişafında da yeni bir dövr başlandı. Çünki bu qəzet ilə milli mətbuatımızın əsası qoyuldu, Ana dili¬mizin fəaliyyət dairəsi daha da genişləndı. Ə.Topçu¬başov “Azərbaycanın mayakı” məqaləsində yazırdı: “Həsən bəy ona məxsus enerji ilə Ana dilinin müda¬fiəsi üçün səylə çalışırdı; o, dilin terminolo¬giyası imkan verdiyinə görə “Əkinçi” də ərəb və fars sözlə¬rindən qaçmağa və müstəsna şəkildə türkcə-Azərbay¬canca yazmağa çalışırdı; imkan daxilində ən sadə, ən asan başa düşülən xalq sözləri və ifadələri işlədirdi”.

“Əkinçi”nin nəşri mühüm bir hadisə olmaqla yanaşı, həm də Ana dili problemlərinin müzakirəsi üçün yeni bir meydan açmış olur. Qəzetin redaktoru Həsən bəy Zərdabinin özü həmin problemlərlə biavasitə məşğul olur, “Əkinçi”ni xalqın dilini öyrə¬dən bir məktəbə çevirməyə çalışır. Bununla da, “Əkinçi”nin nəşri ilə dilimizin inkişafında yeni bir mərhələ başlayır.

“Əkinçi” qəzeti nəşr edildiyi gündən oxucularına bildirdi ki, ədəbi dilin normalarına riayət etməklə sadə, xalqın başa düşəcəyi dildə yazacaq. “Əkinçi” qəzeti sonuncu nömrəsinədək verdiyi vədə sadiq qaldı, sadə, anlaşıqlı bir dildə yazdı. Həm də “Əkinçi” inanırdı ki, elmi, mədəniyyəti ancaq və ancaq Ana dilinin gücü ilə mənimsəmək mümkündür. Ona görə də Ana dili məsələsi həmişə diqqət mərkəzində oldu və bütün məqalələr Ana dilində yazıldı.

Digər maarifpərvər ziyalılar kimi, H.B.Zərdabi də doğma dili müqəddəs sayırdı. Zərdabi dili dünyada ən əziz varlıq olan ana ilə müqayisə edirdi. O, öz dilini sevməyən, Ana dilində danışmağı xoşlamayan, dilinin inkişafına çalışmayan insanları öz anasınaqayğı göstərməyənlərə bənzədirdi.

H.B.Zərdabi qəzetə ana dilini öyrədən bir məktəb kimi baxırdı, eyni zamanda yazırdı ki, "qəzet və jurnal oxumaq insanı dünyadan xəbərdar edir, öz dilini öyrədir". O, təcrübədə sübut edirdi ki, Azərbaycan mətbuatı öz milli zəmini üzərində inkişaf etməyə qadirdir. Qəzet xalqın həyatında inkişafa doğru təkanverici amil ola bilər.

“Əkinçi” qəzetinin ən böyük uğurlarından biri də terminologiya sahəsində Azərbaycan dilçiliyinə yeni¬lik gətirməsi idi. Qəzetin səhifələrində ilk dəfə sahə terminologiyalarına aid milli terminlər işləndi. H.B.Zərdabinin fəaliyyəti sayəsində dildə ərəb-fars və rus-Avropa mənşəli terminlər milli sinonimlərlə əvəz edildi.  Qəzetdə milli dil, milli ruh öz əksini tapdı.

Bu qəzet haqqında ulu öndər Heydər Əliyevin dedikləri tam həqiqətdir: "Fəxr edirik ki, bizim dünyəvi teatrın 130 illik tarixi vardır. Fəxr edirik və bu, bölgədəki bütün xalqlardan bizi fərqləndirir. O mənada ki, bizdə demokratik dünyəvi ideyalar bu günün, dünənin hadisəsi deyil. 125 il bundan öncə Həsən bəy Zərdabi, onunla bərabər Mirzə Fətəli Axundov və başqaları toplaşıb – təbiidir ki, Həsən bəy Zərdabi "Əkinçi" qəzetinin yaradıcısıdır – belə bir təşəbbüslə çıxış ediblər. Gərək indi biz düşünək ki, o vaxt bu asan yox, həddindən artıq çətin bir iş idi. Əgər 125 il bundan öncə bu baş veribsə və biz "Əkinçi" qəzetini 125 ildir xatırlayırıqsa, indi görün bu insanlar nə qədər böyük vətənpərvər, millətinin inkişafını istəyən və nə qədər cəsarətli insanlar olublar. Çünki o şəraitdə belə bir qəzeti Azərbaycan dilində yaratmaq çox böyük risklərlə bağlı idi. Amma onlar bu riskləri ediblər. Təsadüfi deyildir ki, "Əkinçi" qısa bir zamandan sonra bağlanıbdır".

1877-ci il sentyabrın 29-da “Əkinçi”nin çapı dayan¬dırılır. Cəmi 56 nömrəsi çapdan çıxan “Əkinçi” ona da əmin idi ki, səpdiyi səmərəli ideya toxumları gec-tez cücərib öz bəhrəsini verəcəkdir. Əlbəttə, bu belə də oldu. “Əkinçi” dən sonra onun ideyalarını yaşadan “Molla Nəsrəddin” jurnalı meydana çıxdı.  

“Əkinçi” qəzeti Azərbaycan ədəbi dilinin yeni bir qolunu-publisistik üslubunu yaratmaqla kifayətlən¬mə¬di, eyni zamanda, Azərbaycan ədəbi dilinin demok-ratikləşməsində, milliləşməsində də böyük rol oynadı.

Bir sözlə, XIX əsr Azərbaycan ədəbi dilinin milli dil əsasında formalaşmasında mühüm rol oynadı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən, Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin vaxtilə kiril qrafikası ilə çap olunmuş qiymətli nümunələrinin latın qrafikasında yenidən nəşr olunması vacib sayılan ədəbiyyatların siyasında “Əkinçi”nin də adı vardır. Məhz bu sərəncama əsasən, “Əkinçi”nin 1979-cu ildə kiril qrafikası ilə kitab şəklində çap olun-muş tam mətni 2005-ci ildə latın qrafikası ilə yenidən nəşr olunmuş¬dur¬.

Bir sözlə, 1875 - 1877-ci illərdə “Əkinçi” qəzetinin fəaliyyət göstərməsi haqlı olaraq xalqımızın tarixində mühüm ədəbi hadisə kimi qiymətləndirilir. XX əsrin əvvəllərində Azərbaycanda onlarla qəzet və jurnal nəşr edilib və Azərbaycanın çox görkəmli yazıçıları, alimləri, sənət adamları bu mətbuat orqanlarında fəal iştirak ediblər. “Əkinçi” və XX əsrin əvvəllərində nəşr olunan qəzetlərdəki yazılar, senzuranın ələyindən keçmələrinə baxmayaraq, demokratiya və söz azadlığı ideyalarını təbliğ ediblər. Məhz buna görə də, çəkinmədən demək olar ki, Azərbaycan milli mətbuatının bünövrəsi sayılan “Əkinçi” qəzeti Azərbaycan tarixinə yazılan şərəfli səhifələrdən biridir.

Fəxriyyə  CƏFƏROVA