Sahibə Qafarova beynəlxalq konfransa onlayn qoşulub
Milli Məclisin sədri Sahibə Qafarova iyulun 22-də İndoneziya Respublikası Nümayəndələr Palatasının təşkilatçılığı ilə keçirilən "Mürəkkəb qlobal çağırışların həllində Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) mərkəzi mövqeyinin gücləndirilməsində parlamentin rolu" mövzusunda ASEAN Parlamentlərarası Assambleyası (ASEAN PA) qrupunun 17-ci iclasında iştirak edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, tədbirə onlayn formatda qatılan Sahibə Qafarova qeyd edib ki, müasir dünyada dövlətlər bir-biri ilə sıx şəkildə əlaqəlidir və heç bir dövlət qlobal çağırışları təkbaşına həll etməyə qadir deyil. Onun sözlərinə görə, sülh və təhlükəsizliyin təmin olunması, dayanıqlı inkişaf, iqlim fəaliyyəti, ərzaq və enerji təhlükəsizliyi kimi sahələrdə irəliləyiş yalnız birgə səylər nəticəsində mümkündür. Bu baxımdan, parlamentin sədri vurğulayıb ki, beynəlxalq hüquqa, bərabərhüquqlu dialoqa və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan səmərəli çoxtərəfli əməkdaşlıq bu gün hər zamankından daha böyük əhəmiyyət kəsb edir.
Çıxışında regional təşkilatların beynəlxalq əməkdaşlığın mühüm dayaqlarından biri olduğunu qeyd edən Sahibə Qafarova bildirib ki, bu təşkilatlar dövlətlər arasında dialoqun inkişafına, etimadın möhkəmlənməsinə və praktik əməkdaşlığın təşviqinə xidmət edir. O vurğulayıb ki, bu mənada, ASEAN regional sülhə, sabitliyə və rifaha mühüm töhfə verməkdə davam edir və təşkilatın mərkəzi rolu regional əməkdaşlığın gücləndirilməsi, eləcə də ümumi çağırışlara effektiv cavab verilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Spiker qeyd edib ki, qurumun Parlamentlərarası Assambleyası ASEAN üzv dövlətlərinin parlamentlərini bir araya gətirməklə bu səyləri tamamlayır və beləliklə də ASEAN-ın strateji prioritetlərini dəstəkləyərək regional əməkdaşlığın parlament ölçüsünü gücləndirir.
Azərbaycanın ASEAN PA-da müşahidəçi parlament kimi təşkilatla əməkdaşlığa böyük önəm verdiyini bildirən Milli Məclisin sədri Sahibə Qafarova, ölkəmizin ASEAN üzv dövlətləri ilə dialoqu daha da genişləndirmək əzmində olduğunu diqqətə çatdırıb.
S.Qafarova parlament diplomatiyasının etimadın möhkəmləndirilməsi, dialoqun təşviqi və ümumi çağırışların sülh yolu ilə həllinin dəstəklənməsi baxımından mühüm vasitə olduğunu deyib. O vurğulayıb ki, Azərbaycan beynəlxalq hüquqa, dövlətlərin suveren bərabərliyi və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan effektiv çoxtərəfli əməkdaşlığa sadiqdir.








