Naxçıvan Dövlət Milli Dram Teatrı Bakıda keçirilən tədbirdə təltif edilib -

Naxçıvan Dövlət Milli Dram Teatrı Bakıda keçirilən tədbirdə təltif edilib - FOTO

20 İyul 2026

Naxçıvan Dövlət Milli Dram Teatrı teatr sənətinin fəal təbliğindəki xidmətlərinə görə növbəti uğura imza ataraq Fəxri Fərmanla mükafatlandırılıb. Təltifetmə mərasimi iyulun 20-də Bakıda, Azərbaycan Milli Mətbuatının 151-ci ildönümünə həsr olunmuş təntənəli yığıncaqda reallaşıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yubiley tədbiri Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və "İncəsənətin Tərəqqisinə Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib. 

Tədbirdə teatr xadimləri, ölkə teatrlarının nümayəndələri və media təmsilçiləri bir araya gəliblər. Çıxış edən Azərbaycan Teatr Xadimləri İttifaqının Sədri, Xalq artisti Hacı İsmayılov, sədr müavinləri — Xalq artisti İlham Namiq Kamal və Əməkdar artist Azad Şükürov milli mətbuatımızın inkişaf yolundan bəhs edərək iştirakçıları təbrik ediblər. 

Ardınca teatr sənətinin təbliğində xidmətləri olan mütəxəssislərə,  teatr təmsilçilərinə Fəxri fərmanlar, "İttifaqın dostu" diplomu və "Teatr fədaisi" medalları təqdim olunub. Əlamətdar gün milli mətbuatın keçmişini və bu gününü əks etdirən videoçarxın nümayişi və gənc müğənnilərin ifasında rəngarəng musiqi nömrələri ilə davam edib.