Naxçıvanda sahibkarlara 89 təsdiqedici sənəd verilib
Sahibkarlığın inkişafının stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində qəbul olunmuş qanunvericilik dəyişikliklərinə uyğun olaraq, 2026-cı il yanvarın 1-dən etibarən Naxçıvan Muxtar Respublikasında vergi, gömrük və sosial sığorta güzəştləri tətbiq olunur.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin mətbuat xidmətində "NAXÇIVANXƏBƏRLƏRİ" -nə verilən məlumata əsasən, bu çərçivədə 2026-cı ilin yanvar–iyun aylarında 12 sahibkarlıq subyektinə ümumilikdə 89 təsdiqedici sənəd təqdim edilib. Həmin sənədlərdən 6-sı texnika, texnoloji avadanlıqlar və qurğuların idxalı, 83-ü isə xammal və materialların idxalı üçün verilib.
Bu sənədlər əsasında Rusiya, Çin və Türkiyədən ümumi dəyəri 2,2 milyon manat olan texnika, texnoloji avadanlıqlar və qurğular, həmçinin Türkiyə, Rusiya, İran, İraq, Gürcüstan, Avstriya, Almaniya, Cənubi Koreya kimi ölkələrdən ümumi dəyəri 6,1 milyon manat olan xammal və materiallar rüsumsuz idxal edilib.
Nəticədə cari ilin ilk 6 ayında idxal olunan xammal, material və texnoloji avadanlıqlara görə sahibkarlar əlavə dəyər vergisi və gömrük rüsumları üzrə ümumilikdə 2,5 milyon manat məbləğində güzəşt əldə ediblər.








