45 illik mənəvi yaddaşın ünvanı –

45 illik mənəvi yaddaşın ünvanı – Hüseyn Cavidin Ev Muzeyi

20 İyul 2026

İyulun 21-də Naxçıvanda fəaliyyət göstərən Hüseyn Cavidin Ev Muzeyinin yaradılmasının 45 illiyi tamam olur. Bu əlamətdar yubiley təkcə bir mədəniyyət ocağının tarixi deyil, həm də Azərbaycan xalqının milli yaddaşına, ədəbi irsinə və böyük mütəfəkkir Hüseyn Cavidin ölməz ideyalarına göstərilən dövlət qayğısının təntənəsidir. Dahi sənətkarın adını, irsini və həyat yolunu yaşadan bu müqəddəs məkan bu gün də elm, mədəniyyət və mənəviyyatın işığını gələcək nəsillərə ötürmək missiyasını uğurla davam etdirir.

Azərbaycan ədəbiyyatının, fəlsəfi fikrinin və dramaturgiyasının zirvəsi, Şərq bədii təfəkkürünü Qərb humanizmi ilə sintez edən böyük mütəfəkkir Hüseyn Cavidin adı çəkiləndə gözümüzün önündə təkcə nakam bir şairin ömür yolu deyil, bütöv bir millətin mənəvi ucalığı və repressiya illərinin ağrılı xatirələri canlanır. Cavid elə bir sənətkardır ki, onun yaratdığı irs zamanın çərçivəsinə sığmır, əsrlər keçsə də öz aktuallığını və bəşəriliyini qoruyub saxlayır. Bu gün dahi şairin ruhunun doğma yurdunda dinclik tapdığı, onun xatirəsinin müqəddəs bir əmanət kimi qorunduğu ən möhtəşəm məkan  şübhəsiz ki, Naxçıvan şəhərində yerləşən Hüseyn Cavidin Ev Muzeyidir.

Ulu öndər Heydər Əliyevin də dediyi kimi “Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq va onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır".

Buna görə də Ümummilli Liderimiz bütün digər sahələrlə yanaşı, respublikamızda muzey şəbəkəsinin genişləndirilməsi, yeni, muzeylərin yaradılması, onların fəaliyyətinin ən yüksək səviyyədə təşkili üçün ardıcıl olaraq diqqət və qayğı göstərmişdir.

Hüseyn Cavid 1937-ci ilin amansız repressiya tufanına tuş gələndə, sovet rejimi onun təkcə cismini deyil, həm də adını və  irsini yaddaşlardan silmək istəyirdi. Sibirin soyuq çöllərində  can verən şairin doğma yurdunda bir gün onun adına muzey yaradılacağını, xatirəsinin dövlət səviyyəsində ucaldılacağını o dövrün qaranlıq mühitində təsəvvür etmək belə cəsarət tələb edirdi. Lakin haqq-ədalət gec-tez öz yerini tapır. Cavid dühasının yenidən doğulması və onun xatirəsinin əbədiləşdirilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə sıx bağlıdır.

Ulu Öndərin təşəbbüsü və birbaşa rəhbərliyi ilə 1982-ci ildə Cavidin nəşinin uzaq Sibirdən doğma Naxçıvan torpağına gətirilməsi xalqımızın tarixində mənəvi bir inqilab idi. Bu böyük tarixi hadisədən sonra dahi şairin doğulub boya-başa çatdığı, uşaqlıq və gənclik illərinin keçdiyi məkanda  muzeyin yaradılması tarixi bir zərurətə çevrildi. Azərbaycan KP MK-nin qərarı ilə 1981-ci ildə əsası qoyulan və rəsmi olaraq 1984-cü il iyunun 9-da qapılarını ziyarətçilərin üzünə açan Hüseyn Cavidin Ev Muzeyi, ustadın ruhuna göstərilən sonsuz ehtiramın ən bariz nümunəsidir.

Hüseyn Cavidin Ev Muzeyi sadəcə böyük şairə məxsus eksponatları qoruyan bir məkan deyil. O, həm də böyük ədibin ruhunun yaşadığı, onun fəlsəfi təfəkkürünün gələcək nəsillərə ötürüldüyü canlı bir elm və mədəniyyət ocağıdır. Sanki, muzeyin hər bir küncü, hər bir eksponatı böyük bir taleyin rəsmini çəkir. Divarlardan asılan hər bir portretdə, sərgilənən hər bir sənəddə Hüseyn Cavid ömrünün, iradəsinin pıçıltısı var. Bu divarlar sadəcə daşdan, kərpicdən ibarət deyil, bura həm də unudulmaz böyük şəxsiyyətin ruhunun dolaşdığı, bizə boylandığı bir ünvandır. Bəzi yerlər vardır ki, ora daxil olduqda zaman dayanar, insan sadəcə sükutun içindəki o dərin pıçıltını dinləmək istər.  Bu muzey məhz həmin sükutun ən uca səslə danışdığı yerdir. Cavid əfəndinin “Mənim tanrım gözəllikdir, sevgidir” fəlsəfəsi bu gün muzeyin hər bir guşəsində, hər bir eksponatında yenidən canlanır.

Naxçıvandakı Hüseyn Cavidin Ev Muzeyi həm Cavidlər ailəsinin xatirə dünyası, həm də gələcəyi aydınladan bir təfəkkür məktəbidir. Muzeyin qapısından içəri girən hər kəs özünü Cavid poeziyasının sehrində tapır, zamandan qoparaq böyük sənətkarın ideyaları ilə baş-başa qalır. Ədibin ölməz obrazları və mədəniyyətimizin incisi olan əsərləri bu muzeyin hər tərəfində yenidən nəfəs alır.

Ev muzeyində mütəmadi olaraq  gənc nəslin Cavid irsinə məhəbbət ruhunda tərbiyə olunması üçün açıq dərslər və tədbirlər də təşkil edilir. Muzey, Naxçıvana gələn yerli və xarici turistlərin mütləq baş çəkdiyi, Azərbaycan xalqının intellektual səviyyəsini nümayiş etdirən mühüm bir vizit kartıdır.

Muzeyin rəylər kitabını vərəqləyərkən dünyanın dörd bir yanından gələn insanların Cavid dühasına, onun humanist ideyalarına necə heyran qaldıqlarının şahidi oluruq. Çünki Cavid öz əsərlərində irqindən, dinindən asılı olmayaraq bütün bəşəriyyəti sevgiyə, sülhə və ədalətə çağırırdı.

Bu gün Naxçıvanda ucalan Hüseyn Cavidin Ev Muzeyi və onun yaxınlığındakı möhtəşəm Cavid məqbərəsi bütövlükdə  kompleks təşkil edərək, bu qədim diyara gələnlərə mənəvi ucalıq aşılayır. Zaman keçir, nəsillər dəyişir, lakin Cavid dühası, onun xatirəsi öz doğma evində – Naxçıvanın qəlbində hər gün yenidən doğulur.

Hüseyn Cavidin ev muzeyini ziyarət etmək hər bir azərbaycanlı üçün sadəcə bir vətəndaşlıq borcu deyil, həm də öz mənəvi köklərinə, azadlıq və istiqlal məfkurəsinə qayıdışdır. Nə qədər ki, bu muzey var, nə qədər ki, Cavidin kitabı vərəqlənir, onun bəşəri ideyaları yaşayacaq, gələcək nəsillərimizin yoluna işıq saçacaqdır. Çünki Cavid elə bir şəxsiyyətdir ki, onun dayandığı yer əbədiyyətdir!

İlknur ABBASOVA

Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksinin kiçik elmi işçisi