Bir obraz, bir xarakter yaratmaq yeni bir elmi kəşfə bərabərdir -

Bir obraz, bir xarakter yaratmaq yeni bir elmi kəşfə bərabərdir - Akif Əsədov

20 İyul 2026

Teatr cəmiyyətin kölgəsidirsə, aktyor da o kölgədən insanın gerçək simasını göstərən sənətkardır. Çünki səhnədə hər obraz fərqli bir talenin, hər tamaşa isə yaşanmış bir dərsin, ömrün ölümsüzlüyüdür. Yarım əsrə yaxın — düz 48 il ərzində 130-dan çox fərqli "kimliklə" həmin ölümsüzlüyün izinə düşən sənətkarlardan biri də Akif Əsədovdur. Onu ilk dəfə səhnəyə aparan yol 1972-ci ildə Naxçıvan Dövlət Teatrında izlədiyi Mirzə Fətəli Axundovun "Hacı Qara" tamaşasından keçir. Sənətkar sənətə məftun olduğu ilk anı belə xatırlayır: "O tamaşadan sonra məndə teatr sənətinə qarşı qeyri-iradi bir maraq oyandı. Bir il boyunca Naxçıvan şəhər Mədəniyyət Evinin nəzdindəki dram dərnəyinə gedib-gəldim. Sonra da bu istək məni ömürlük arxasınca apardı. Hər sənətə qarşı insanın daxilində mütləq bir hiss, xüsusi bir sevgi və məhəbbət olmalıdır".

Dram dərnəyində atılan ilk addımlar 1978-ci ildə ilk böyük uğurunu qazanır. Gənc kollektivin Cəfər Cabbarlının "Solğun çiçəklər" əsərinə verdiyi quruluş dram dərnəyinə "Xalq teatrı" adını qazandırır. Akif Əsədov üçün isə bu uğur ömrünün 18 ilini aktyorluğa, 30 ilini isə rejissorluğa həsr edəcəyi böyük bir sənət yolunun başlanğıcı olur.

Akif Əsədov yaradıcılığı boyu həm milli dramaturgiyanın, həm də dünya ədəbiyyatının müxtəlif obrazlarına səhnə ömrü bəxş edib. Onların sırasında braziliyalı dramaturq Gilyermo Fiqeyredonun "Ezop", Georgi Hubayevin "Arvadımın əri" kimi əsərləri ilə yanaşı, Səttar Axundovun "Məhəbbət nişanəsi", Cəlil Məmmədquluzadənin "Ölülər", "Kamança", Bəxtiyar Vahabzadənin "Yollara iz düşür", Süleyman Rüstəmin "Durna" komediyası kimi onlarla əsər onun və sənət yoldaşlarının simasında ölümsüzləşib. Belə onlarla repertuara sahib olan sənətkar sənətdə köklərimizə sadiq qalmağı, o ruhu duymağın necə önəmli olduğundan danışır, bəzən gənc nəslin yerli ədəbiyyatı dərindən dərk etmədən xarici əsərlərə qaçmasını isə təəssüflə qarşılayır:

"Bəzən gənclər hansısa xarici əsəri götürüb tamaşa hazırlayırlar. Soruşursan ki, müəllifini tanıyırsan? Deyir, yox. Əsərin əsas məqsədini, ideyasını bilirsən? Yenə yox... Sadə dillə desək, mən əgər öz atamı, öz babamı tanımıramsa, başqasının babası haqqında necə fikir yürüdə bilərəm? Biz ilk növbədə öz dramaturgiyamızı, özümüzə xas olan ədəbiyyatı mükəmməl bilməliyik ki, o kökdən bəhrələnib sonra xarici müəlliflərə müraciət edək. Mirzə Fətəli Axundovu, Haqverdiyevi, Cəlil Məmmədquluzadəni, Süleyman Rüstəmi bilməsək, gələcəkdə çətinliklərimiz çox olar. Məhz buna görə də mən həmişə öz dramaturgiyamıza üz tuturam".

Məhz Xalq Teatrında keçdiyi sənət məktəbi onda milli dramaturgiyaya bu bağlılığı formalaşdırır. Xalq Teatrı o dövrdə sadəcə bir dərnək deyil, gənc istedadların püxtələşdiyi bir məktəb idi. Elə bir region, elə bir kənd yox idi ki, teatrın xidməti maşını oraya ayaq basmasın; tamaşalar kolxozlarda, sovxozlarda, zavod və fabriklərdə, hətta yaylaqlarda nümayiş olunmasın. 1982-ci ildə Naxçıvan Dövlət Teatrının baş rejissoru, Əməkdar artist Bəhram Babayev bu kollektivin gücünü görüb onun 11 nəfər gənc üzvünü Dövlət Teatrına aktyor kimi dəvət edir. Yasəmən Ramazanova, Kamran Quliyev, Firuzə Abdullayeva, Bəhruz Əfəndiyev, Damət Xəlilov kimi sonradan respublikanın tanınmış sənətkarlarına çevriləcək simalar ilk addımları məhz bu Xalq teatrının divarları arasında atır. Sənətkar həmin illərdə Dövlət Teatrının ustadları ilə eyni səhnədə rol oynayır. Bakı səfərlərində böyük sənətkarlarla ünsiyyətdə olmağı özünün ən böyük universiteti sayan sənətkar o illəri bu gün də xoş nostalgiya, minnətdarlıqla xatırlayır:

"Baxşı Qələndərli, İsmayıl Osmanlı, Leyla xanım Bədirbəyli, Hamlet Xanızadə, Firudin Rzayev, Fazil Bayramov, Ələkbər Seyfi kimi böyük sənət adamlarının hərəsindən sənət nöqteyi-nəzərindən bir damla belə öyrənmişəmsə, bu, mənim üçün saysız-hesabsız diploma bərabərdir. Tələbəlik dövrlərimdən xatirəmdə qalan İsmayıl Osmanlı kimi böyük sənət adamı, Məlik Dadaşov, Hamlet Xanızadə, Firudin Rzayev, eləcə də "Yeddi oğul istərəm" filmində Mircəfər rolunu canlandıran Elçin Məmmədov mənim müəllimim olublar. O sənət adamlarının hərəsindən bir balaca da olsa nəsə öyrənmək sənət baxımından mənə verilən ən böyük mükafatdır. Allah rəhmət eləsin, Baxşı Qələndərli Hüseyn Cavidin, Cəfər Cabbarlının tələbəsi olub. Onun Cəfər Cabbarlı, Hüseyn Cavid haqqında xatirələri bizim üçün ən gözəl nemətdir. İkinci bir tərəfdən, böyük şəxsiyyətlərin belə bir sözü var: "Bir obraz yaratmaq, bir xarakter yaratmaq yeni bir elmi kəşfə bərabərdir". Buna görə də bu gün mən öz sənətimdə peşman da deyiləm. Niyə də olmalıyam? Mən səhnədə 130-dan çox insan xarakteri yaratmışam. Ağıllısı da olub, dəlisi də, xeyirxahı da... Bütün xarakterlərdə insan həyatını oynamışıq. Teatr elə bir sənətdir ki, hər gün o fərqli xarakterləri tutmağı bacarmağı tələb edir".

Sənətkar üçün aktyor olmaq həm də yüzlərlə "mən"i tanımaq, görmək, duymaq və səhnədən ötürməkdir. Akif Əsədov qeyd edir ki, zamanla aktyorda qəribə bir peşə xüsusiyyəti — güclü müşahidə qabiliyyəti formalaşır. Sənət adamları bəzən tanımadıqları insanları sadəcə yerişindən, davranışından analiz edib xarakterini oxuya bilirlər. Sonra isə həmin cizgiləri öz rollarında vizuallaşdırırlar. Akif müəllimin yaradıcılığında xüsusi yer tutan janr isə komediyadır. O, ən çətin hesab etdiyi bu janrda cəmiyyətdəki problemləri sənət nöqteyi-nəzərindən tənqid atəşinə tutduğunu bildirir. Xüsusən 1990-cı illərdən bu tərəfə, Azərbaycanın başına gələn müəyyən ağrılı hadisələri və cəmiyyətdə baş verən o gərgin dalğaları nəzərə alaraq o bu addımları atıb. O deyir: "İstəyirəm ki, insanlar teatra gələndə ən azından bir saatlıq da olsa beyinləri rahatlansın, özlərini sərbəst hiss etsinlər. Əgər bir tamaşaçının dodağına kiçik bir gülüş, sevinc həvəsi qondara bilirəmsə, bu, mənim üçün ən böyük xoşbəxtlikdir. Bütün səylərimiz məhz bunun üçündür". Aktyor komediya istedadının insanın daxilindən, xarakterindən gəldiyinə inanır. Vaxtilə Qarabağ mövzusundan bəhs edən bədii ekran əsərində də rol alan sənətkar, sanki komediya səhnəsi üçün doğulduğunu və bu gün də həmin cığırla inamla getdiyini vurğulayır. Aktyorun fəaliyyət göstərdiyi Xalq Teatrı bu gün də yeni tamaşalarla öz sözünü deməkdədir. İki həftə əvvəl sovet dövründəki kolxoz həyatından, o cəmiyyətin ziddiyyətlərindən bəhs edən növbəti bir komediyanın təqdimatı baş tutub. Akif müəllim bu gün də keçmiş mövzulara müraciət etməsinin səbəbini belə izah edir:

"Məqsədim odur ki, bugünkü gənclərimizin heç biri sovet dövründə yaşanan o çətinlikləri, iqtisadi sıxıntıları, insanların üzləşdiyi gərgin hadisələri görməyiblər, bəlkə də heç eşitməyiblər. Mən o dövrü səhnədə canlı formada göstərməklə, keçmiş cəmiyyətin mənzərəsini bugünkü gənclərə aşılayıram. Bu gün artıq biz müstəqilik, azadıq, sərbəstik, öz fikrimizi rahatca deyə bilirik; amma o dövrdə bu qədər azadlıq yox idi. Bu mənada, həmin əsərlərə müraciət etməyin gənclər üçün böyük tərbiyəvi əhəmiyyəti var".

Tamaşalar yalnız aktyorların səhnədə can verdiyi obrazlar, müraciət edilən mövzularla deyil, həm də pərdə arxasında qalan, görünməyən peşəkar əməyin sayəsində ərsəyə gəlir. Akif Əsədov məhz belə sehrli əllərdən birinin — sənətkarı tamamilə başqa bir insana çevirən peşəkar qrim ustası Bahadur Quliyevin yaratdığı möcüzəni və ilk böyük səhnə həyəcanını belə xatırlayır:

"Bakıda, Bayıldakı İliç adına Mədəniyyət Sarayında tamaşamız vardı. İlk dəfə idi böyük səhnəyə çıxırdım, zalda 1400-1500 nəfər tamaşaçı əyləşmişdi. Həmin gün Fazil Bayramov, Bürcəli Əsgərov kimi ustadlarla eyni səhnəni bölüşmək həyəcanını yaşayırdım. Sabit Rəhmanın "Xoşbəxtlər" əsərindəki "Bərbərzadə" obrazını oynayırdım. Tamaşanın rəssamı, Akademik Milli Dram Teatrının tanınmış qrim ustası Bahadur Quliyev mənə elə bir ağır qrim vurmuşdu ki, güzgüyə baxanda özüm özümü tanıya bilməmişdim. Səhnə arxasında növbəmi gözləyirdim. Bu vaxt doğma qardaşım içəri keçib mənə yaxınlaşdı və qrimli olduğum üçün məni tanımayıb soruşdu: "Ağsaqqal, buralarda Akif var, onu görməmisiniz, haradadır?" Səsimi dəyişib, əlimdəki qırmancla bir az kənarda dayanan Ağalar Bayramova işarə etdim: "Get, bax o Ağadan soruş..." Qardaşım məhz mənimlə danışdığının fərqinə varmadan uzaqlaşdı. O gündən böyük zalın gur alqışları ilə bitən həmin tamaşa və o qrim mənim yaddaşımda əbədiləşdi". Bəlkə də, aktyor sənətinin ən böyük möcüzəsi budur. Səhnəyə çıxan insan öz simasında onlarla başqasının taleyini yaşayır. Akif Əsədovun 48 illik sənət yolu da məhz bu möcüzənin — bir aktyorun yüzlərlə fərqli insan ömrünü yaşaya bilməsinin hekayəsidir.

Müsahibəni hazırladı: 

Nəzrin Umay