Sənan Paşayev: "Naxçıvanda cinayətlərin açılması 96,2 faiz təşkil edib"
İyulun 20-də Naxçıvan Muxtar Respublikası Prokurorluğunda 2026-cı ilin birinci yarımilinin yekunlarına həsr olunan əməliyyat müşavirəsi keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Müşavirədə çıxış edən Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayev bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə muxtar respublikada qeydə alınan cinayətlərin sayı azalıb. Onun sözlərinə görə, prokurorluq, daxili işlər və dövlət təhlükəsizlik orqanlarının birgə fəaliyyəti nəticəsində cinayətlərin açılması 96,2 faiz təşkil edib.
Qeyd olunub ki, hesabat dövründə 64 cinayət işinin ibtidai istintaqı tamamlanaraq məhkəməyə göndərilib, dövlətə, hüquqi və fiziki şəxslərə vurulmuş 599 min manat maddi ziyanın 484 min 204 manatı (81 faizi) ödənilib. Prokuror hüquqi maarifləndirmə və profilaktik tədbirlərin cinayətlərin azalmasına mühüm töhfə verdiyini də vurğulayıb.








