Şuşa şəhəri növbəti Vaqif Poeziya Günlərinə ev sahibliyi edir

Şuşa şəhəri növbəti Vaqif Poeziya Günlərinə ev sahibliyi edir

17 İyul 2026

Şuşa şəhəri iyulun 17-də Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən növbəti Vaqif Poeziya Günlərinə ev sahibliyi edir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, “Sözün hekayəsi” şüarı ilə reallaşan tədbirdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, mədəniyyət naziri Adil Kərimli, dövlət və hökumət qurumlarının nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak ediblər.

Tədbirdə çıxış edən TÜRKSOY-un Baş katibi Sultan Raev Molla Pənah Vaqifin zəngin ədəbi irsindən danışıb: “Vaqifin şeirlərində təbiətin gözəlliyi və insan sevgisi tərənnüm olunur. Onun irsi ortaq tariximizi nəsildən-nəslə daşıyır. Əsas vəzifələrimizdən biri Vaqif, Səməd Vurğun, Xaqani Şirvani, Məhəmmədhüseyn Şəhriyar və Aşıq Ələsgər kimi böyük söz ustalarının xatirəsini yaşatmaqdır. II Türk Dünyası Gənc Şairlər Festivalı isə Türk dünyasının müxtəlif coğrafiyalarından gələn yeni ədəbi səslərin tanıdılmasına, eləcə də ədəbi əlaqələrin möhkəmlənməsinə xidmət edir. Gənc şairlərin öz əsərlərini səsləndirməsi Türk dünyasının gələcəyinə qoyulan sərmayədir. TÜRKSOY olaraq gənc istedadları dəstəkləməyə davam edəcəyik”, - deyə Sultan Raev vurğulayıb.

Xalq şairi Vahid Əziz Vaqif Poeziya Günləri ilə bağlı xatirələrini bölüşərək tədbirin ildən-ilə daha geniş miqyas aldığını vurğulayıb. “Sevindirici haldır ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Şuşada əsası qoyulan Vaqif Poeziya Günləri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İldən-ilə tədbirin əhatə dairəsi daha da genişlənir. Azərbaycan poeziyasının açarı etibarlı əllərdədir”, - deyə Xalq şairi bildirib.

Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid şanlı Zəfərdən sonra Vaqif Poeziya Günlərinin hər il daha böyük təntənə ilə keçirildiyini bildirib. “Tədbir Molla Pənah Vaqifin irsinin yaşadılmasına, milli ədəbi dəyərlərin qorunmasına və müasir ədəbi proseslərin inkişafına töhfə vermək məqsədi daşıyır. 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya Evinin təntənəli açılışı olub, həmçinin Vaqif Poeziya Günlərinin keçirilməsi qərara alınıb. 1991-ci ilədək hər il təşkil olunan poeziya bayramı ənənəvi olaraq şairin vətəni Qazaxdan başlayaraq Şuşanın əsrarəngiz Cıdır düzündə başa çatırdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində Şuşa işğaldan azad edildikdən sonra Vaqif Poeziya Günləri yenidən doğma məkanda - Azərbaycanın mədəniyyət paytaxtında keçirilməyə başlanıb”, – deyə Rəşad Məcid vurğulayıb.

Tədbir çərçivəsində TÜRKSOY-un tərəfdaşlığı ilə II Türk Dünyası Gənc Şairlər Festivalının mükafatlandırma mərasimi reallaşıb.

Bədii hissədə Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunan “Sözün ovçusu - Könlüm keçir Qarabağdan” adlı səhnə kompozisiyası nümayiş olunub.

Tədbir konsert proqramı ilə davam edib.

Qeyd edək ki, iyulun 16-da M.P.Vaqifin doğulduğu Qazax rayonunda başlanan poeziya bayramı iyulun 18-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yekunlaşacaq.

Poeziya Günlərinin proqramında Xalq şairləri Sabir Rüstəmxanlı, Vahid Əziz və Ramiz Rövşən ilə oxucu görüşləri, “Sözün gülüşü – Şuşa hekayələri” adlı teatral kompozisiya da yer alıb. Poeziya günləri “Sözün Zəfəri – Zəfərin sədası” adlı möhtəşəm konsert proqramı ilə yekunlaşacaq.

Vaqif Poeziya Günləri çərçivəsində təşkil olunacaq silsilə tədbirlər “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında ədəbiyyatın inkişafı ilə bağlı prioritet hədəflər kontekstində xüsusi əhəmiyyət kəsb edir.