Naxçıvan Teatrının direktor müavini Türkiyədə beynəlxalq layihəyə məsləhətçi cəlb olunub
Naxçıvan Dövlət Milli Dram Teatrının direktor müavini Səməd Canbaxşiyev Türkiyədə fəaliyyət göstərən "Ege Gösteri Sanatları" teatr cəmiyyətinin dəvəti ilə beynəlxalq teatr layihəsinə tamaşa məsləhətçisi kimi cəlb olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, səhnə əsəri Türkiyənin tanınmış dramaturqu və teatr xadimi Mehmet Ümit Görgülünün "Don Kixot və Məddah tamaşası" ("Vəlimi, Səlimi? ") pyesi əsasında hazırlanacaq. Tamaşanın quruluşu üzərində Türkiyənin tanınmış sənət adamları Rasim Aşın, Bora Kaskan və Mehmet Ümit Görgülü çalışırlar.
Artıq layihə ilə bağlı ilkin yaradıcılıq müzakirələri başa çatıb. Müzakirələrdə məsləhətçi qismində yer alan Səməd Canbaxşiyev səhnə əsərinin bədii həlli, dramaturji quruluşu və konsepsiyası ilə bağlı təklif və mülahizələrini bildirib.
Qarışıq teatr üslubunda ərsəyə gələcək tamaşanın məşq prosesinə yaxın günlərdə başlanılacaq. Səhnə əsərinin premyerasının 2026-cı ilin sentyabr–oktyabr aylarında Türkiyədə keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Səməd Canbaxşiyevin bu beynəlxalq layihədəki fəaliyyəti Naxçıvan Dövlət Milli Dram Teatrının beynəlxalq teatr əlaqələrinin genişlənməsi və yaradıcı əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.










