Naxçıvanda “Çempion ailələr” layihəsi çərçivəsində intellektual yarış keçirilib - FOTO
İyulun 23-də Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində yerləşən “Naxçıvan Sarayı”nda “Çempion ailələr” layihəsi çərçivəsində “Fibonaççi” intellektual yarışı keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yarışın keçirilməsində məqsəd gənclər və ailələr arasında ailə dəyərlərinin təbliği, milli-mənəvi ənənələrin möhkəmləndirilməsi, ailələrin asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin təşviqi, həmçinin ailə üzvləri arasında əməkdaşlığın və sosial aktivliyin artırılmasıdır.
Tədbirə başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, məlum olduğu kimi, ölkəmizdə, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət ailə siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Belə ki, ailə institutunun möhkəmləndirilməsi, gənclərdə sağlam ailə dəyərlərinin formalaşdırılması istiqamətində ardıcıl işlər görülür.
Həmçinin Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ailə dəyərlərinin möhkəmləndirilməsi məqsədilə milli genefondumuza mənfi təsir göstərə biləcək qohum evliliklərinin və erkən nikahların fəsadları barədə maarifləndirmə işləri aparılır, nümunəvi ailələrin evlilik yubileyləri qeyd olunur, uzunömürlü ailələrin nümayəndələri ilə görüşlər təşkil edilir, mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir.
Ailə cəmiyyətimizin təməlidir. Güclü ailə dəyərləri üzərində qurulan cəmiyyət daha sağlam, daha möhkəm və daha uğurlu olur.
Bu gün burada keçirilən intellektual yarış yalnız bilik yarışı deyil, eyni zamanda ailə üzvləri arasında qarşılıqlı etimadı, birgə qərarvermə bacarığını və komanda ruhunu möhkəmləndirən gözəl bir platformadır.
İnanırıq ki, bugünkü yarış iştirakçı ailələr üçün həm maraqlı, həm də yaddaqalan olacaq, sağlam rəqabət mühiti yaradacaq, ailələrimiz arasında birlik, həmrəylik və qarşılıqlı dəstək ruhunu daha da gücləndirəcək.
Komitə sədri iştirakçıların hər birinə uğurlar arzulayaraq tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür edib.
Daha sonra çıxış edən “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Fuad Adıgözəlov qeyd edib ki, təşkilat ailələrin inkişafı və sosial rifahının yüksəldilməsi istiqamətində müxtəlif layihələr həyata keçirir və bu sahədə Komitə ilə səmərəli əməkdaşlıq edir. “Çempion ailələr” layihəsi də bu əməkdaşlığın uğurlu nümunələrindən biridir.
Bildirilib ki, layihə çərçivəsində Bakı, Şirvan və Yevlax şəhərləri ilə yanaşı, Qusar, Samux, Gədəbəy, Yardımlı, Beyləqan və Zəngilan rayonlarında yarışlar uğurla təşkil olunub. Fuad Adıgözəlov Naxçıvanda keçirilən yekun yarışın hər bir iştirakçı üçün unudulmaz olacağına inandığını bildirərək bütün ailələrə uğurlar arzulayıb.
Yarışda muxtar respublikanın rayonlarından seçilmiş 10 fəal ailə iştirak edib. İştirakçı ailələr müxtəlif mövzular üzrə təqdim olunan sualları cavablandıraraq bilik və bacarıqlarını nümayiş etdiriblər.
Yarışın nəticələrinə əsasən I yerə Şərur rayonundan olan Əlizadələr ailəsi, II yerə Naxçıvan şəhərindən olan Quliyevlər ailəsi, III yerə isə Babək rayonundan olan Rüstəmovlar ailəsi layiq görülüb.
Sonda qalib ailələrə və digər iştirakçılara diplom, sertifikat və hədiyyələr təqdim edilib.














