Məmmədqulu Səfərov: Şahbuzda taxıl məhsuldarlığı 10 sentner artıb

Məmmədqulu Səfərov: Şahbuzda taxıl məhsuldarlığı 10 sentner artıb

05 Avqust 2026

Şahbuz rayonunda taxıl biçini sürətlə davam edir. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Naxçıvan Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Məmmədqulu Səfərov "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirib ki, ötən ilin payızında və bu ilin erkən yazında rayon üzrə ümumilikdə 523 hektar sahədə taxıl əkini aparılıb. Bunun 210 hektarını buğda, 313 hektarını isə arpa sahələri təşkil edib.

Onun sözlərinə görə, artıq 437 hektar sahədə biçin işləri başa çatdırılıb ki, bu da ümumi əkin sahəsinin 83 faizinə bərabərdir.

Məmmədqulu Səfərov qeyd edib ki, zəmilərdə aparılan düzgün aqrotexniki tədbirlər nəticəsində məhsuldarlıq ötən illə müqayisədə xeyli artıb. Belə ki, ötən ilin müvafiq dövründə hər hektardan orta hesabla 16,3 sentner məhsul əldə olunduğu halda, bu il bu göstərici 26,3 sentnerə yüksəlib. Bu isə hər hektar üzrə məhsuldarlığın 10 sentner artması deməkdir.

Bildirilib ki, biçin işləri Agroservis Açıq Səhmdar Cəmiyyətinin, eləcə də fiziki və hüquqi şəxslərə məxsus müasir kombaynlar vasitəsilə həyata keçirilir.

Məmmədqulu Səfərovun sözlərinə görə, rayonun yüksəklik ərazilərində yerləşən Külüs kəndinin Armudlu massivi və Külüs düzü ərazisində təxminən 70 hektar taxıl sahəsində də son iki gündür biçin aparılır. Həmin ərazilərdə biçinin qısa müddətdə başa çatdırılması nəzərdə tutulur.

O əlavə edib ki, biçin prosesi Kənd Təsərrüfatı Nazirliyi və Şahbuz Rayon İcra Hakimiyyətinin nəzarəti altında həyata keçirilir və əsas məqsəd məhsulun itkisiz və qısa müddətdə yığılmasını təmin etməkdir.

Müsahibəni hazırladı: 

Xosrov İbrahimov