Cəlilkənd kəndində fərdi yaşayış evində yanğın baş verib
Şərur rayonunun Cəlilkənd kəndində fərdi yaşayış evində yanğın baş verib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hadisə ilə bağlı Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olduqdan sonra dərhal Şərur Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun genişlənməsinin qarşısı alınıb və yanğın qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində ümumi sahəsi 260 kvadratmetr olan dördotaqlı fərdi yaşayış evinin 28 kvadratmetr sahəni əhatə edən otağının tavanının yanar konstruksiyaları və otaqda olan məişət əşyaları yanıb. Evin qalan 232 kvadratmetrlik hissəsi və içərisindəki əşyalar isə yanğından mühafizə olunub.
Hadisənin başvermə səbəbi araşdırılır.








