Vəli Məmmədov: Naxçıvanda yol nişanlanması və dayanacaq infrastrukturu yenilənir
AYNA-nın Naxçıvan Regional İdarəsi tərəfindən muxtar respublikada nəqliyyat hərəkətinin təhlükəsizliyinin artırılması və sürücülərin rahatlığının təmin olunması məqsədilə yol infrastrukturu üzrə işlər davam etdirilir.
"Naxçıvan şəhərində və magistral yollarda müasir standartlara uyğun yol nişanlanması və dayanacaq infrastrukturunun yenilənməsi işləri mərhələli şəkildə həyata keçirilir."
Bu fikirləri AYNA-nın Kommunikasiya departamentinin direktoru Vəli Məmmədov "NAXÇIVANXƏBƏRLƏRİ"-nə deyib.
Onun sözlərinə görə, Heydər Əliyev prospekti, Əziz Əliyev, Mustafa Kamal Atatürk, Nizami Gəncəvi, İstiqlal, Nağı Əliyev, Cəlil Məmmədquluzadə və İslam Səfərli küçələrində müasir standartlara uyğun üfüqi nişanlanma xətləri çəkilib. Görülən işlər nəqliyyatın təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunmasına xidmət edir.
Vəli Məmmədov bildirib ki, respublika əhəmiyyətli M-8 avtomobil yolunda və Naxçıvan–Sədərək magistralının 22 kilometrlik hissəsində də üfüqi nişanlanma işləri tamamlanıb. Hazırda isə Naxçıvan–Culfa–Ordubad magistralında bu istiqamətdə işlər davam etdirilir.
Qeyd olunub ki, yaxın vaxtlarda Naxçıvan şəhərində 9 marşrut xətti üzrə bütün avtobus dayanacaqlarında, eləcə də Naxçıvan–Culfa–Ordubad magistralı boyunca müasir yol nişanları quraşdırılacaq. Bu tədbirlərin yol hərəkəti təhlükəsizliyinin daha da gücləndirilməsinə töhfə verəcəyi vurğulanıb.
Müsahibəni hazırladı:
Mətin Kamal








