Dövlət Komitəsində kollegiya iclası olub

Dövlət Komitəsində kollegiya iclası olub

30 İyul 2026

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Dövlət Komitəsindən məlumat verilib.

Sədr Rövşən Rzayev işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin sürətlə aparıldığını, keçmiş məcburi köçkünlərin doğma yurd yerlərinə böyük həvəslə qayıtdıqlarını bildirib.

Kollegiya iclasında Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq köçürülmə prosesi zamanı siyahıların dəqiqləşdirilməsi, hazırlanması və komissiya tərəfindən həyata keçirilən işlər, sorğuların götürülməsi və protokolların imzalanması, işğaldan azad edilmiş ərazilərdə yenidən salınan və bərpa olunan yaşayış məntəqələrinə qayıdışın təşkili və həyata keçirilməsi müzakirə edilib.

Bu yaşayış məntəqələrinə köçürülmüş sakinlərin miqrasiyasının tənzimlənməsi və prosesə nəzarətin edilməsi, məcburi köçkünlərə göstərilən kommunal xidmətlərin vəziyyəti, payız-qış mövsümünə hazırlıq, siyahıların dəqiqləşdirilməsi, vahid aylıq müavinətin verilməsi, Mənzil İstismar Departamentinin balansında olan qəsəbələrdəki vəziyyət və digər məsələlər müzakirəyə çıxarılıb. Müvafiq struktur bölmələrinin rəhbərlərinin məruzələri dinlənilib, iradlar, rəy və təkliflər səsləndirilib.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkə rəhbərinin tapşırıqlarının və qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün daha böyük məsuliyyətlə çalışmağın vacibliyini vurğulayaraq bildirib ki, məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının təşkili üzrə müəyyənləşdirilən kompleks tədbirlərin ardıcıllıqla və vaxtında icra edilməsi təmin olunmalıdır.

Kollegiyada müzakirə edilən məsələlər üzrə müvafiq qərarlar qəbul olunub və tapşırıqlar verilib.