Naxçıvanda nadir Bürkut təbii yaşayış arealına qaytarılıb -

Naxçıvanda nadir Bürkut təbii yaşayış arealına qaytarılıb - FOTO

30 İyul 2026

Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir Bürkut (qızılı qartal) təbii yaşayış arealına qaytarılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, iki ay əvvəl vətəndaş tərəfindən verilmiş məlumat əsasında Babək rayonu ərazisində yaralı vəziyyətdə tapılan Bürkut (qızılı qartal) (Aquila chrysaetos) Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının əməkdaşları tərəfindən mühafizəyə götürülərək baytar həkimin nəzarəti altında müalicə olunub.

Aparılan müalicə tədbirləri nəticəsində tam sağalan qartal Zəngəzur Milli Parkının əməkdaşları tərəfindən Ləkətağ kəndi yaxınlığındakı Kola adlanan dağlıq ərazidə təbii yaşayış arealına qaytarılıb.

Qeyd edək ki, Bürkut (qızılı qartal) (Aquila chrysaetos) Naxçıvan Muxtar Respublikasının fauna aləminə məxsus, Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir və xüsusi mühafizə olunan yırtıcı quş növlərindən biridir. Bu növün təbii yaşayış mühitində qorunması biomüxtəlifliyin mühafizəsi və ekoloji tarazlığın təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.