Meta Azərbaycanda vergi qeydiyyatından keçir

Meta Azərbaycanda vergi qeydiyyatından keçir

15 Avqust 2026

Meta Azərbaycanda “Facebook” reklamlarına əlavə dəyər vergisinin (ƏDV) tətbiqinə başlayacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, 1 sentyabr 2026-cı ildən etibarən “Sold To” ölkəsi Azərbaycan kimi göstərilən biznes və ya fərdi ünvanlara malik reklamverənlər üçün “Facebook” reklamlarına qüvvədə olan 18 faizlik ƏDV tətbiq ediləcək.

Meta bildirib ki, Azərbaycanda fəaliyyət göstərən bizneslər ödəniş parametrlərində VÖEN-lərini qeyd edə bilərlər.

“VÖEN-in təqdim edilməsi reklam yerləşdirmək üçün məcburi deyil. Lakin VÖEN təqdim edildiyi halda, şirkətin məlumatına əsasən, həmin VÖEN Meta tərəfindən verilən hesab-fakturalarda əks olunacaq.

Qüvvədə olan VÖEN təqdim edildikdə Meta hesab-fakturaya 18 faizlik ƏDV əlavə etməyəcək. Bu halda reklamverən aldığı reklam xidmətləri üzrə ƏDV-ni əks hesablamaq, bəyan etmək və Azərbaycan Dövlət Vergi Xidmətinə ödəmək məsuliyyətini daşıyacaq”, - məlumatda vurğulanıb.

Meta qeyd edib ki, ƏDV ödənişlərin üzərinə əlavə olunduğundan, reklamverənin hesablaşma həddinə daha tez çatmasına səbəb olmayacaq: “Bununla belə, faktiki ödəniş məbləği müəyyən edilmiş hesablaşma həddindən yüksək ola bilər.

Eyni zamanda əl ilə ödəniş üsulundan istifadə edən reklamverənlərin hesabına vəsait yüklənərkən ƏDV hazırda qüvvədə olan 18 faiz dərəcəsi ilə nəzərə alınacaq və tətbiq ediləcək”.

Meta vergi məsələləri ilə bağlı məsləhət vermədiyini və bu mövzuda sualı olan istifadəçilərə vergi məsləhətçilərinə və ya yerli vergi orqanlarına müraciət etməyi tövsiyə etdiyini açıqlayıb.