Naxçıvanda İlk Veb Server Günü münasibətilə tədbir keçirilib - FOTO
Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə avqustun 6-da “İlk veb serverdən bugünkü internetə” mövzusunda tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, ilk Veb Server Günü ilə əlaqədar keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparat rəhbəri Əziz Hümbətzadə, Nazirliyin əməkdaşı İnci Həsənova və Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzinin direktoru Hüseyn Əsgərli çıxış edərək internet texnologiyalarının inkişafının cəmiyyətin rəqəmsal transformasiyasında mühüm rol oynadığını vurğulayıblar. Qeyd olunub ki, müasir informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, idarəetmənin səmərəliliyinin artırılmasına və vətəndaş məmnunluğunun təmin edilməsinə mühüm töhfə verir.
Çıxışlar zamanı Ümumdünya Veb Şəbəkəsinin (WWW) yaranma tarixi, inkişaf mərhələləri və müasir internet ekosisteminin formalaşması barədə məlumat verilib. Bildirilib ki, ilk veb-sayt yalnız mətn məlumatlarından ibarət olsa da, bu gün internet təhsil, elm, səhiyyə, iqtisadiyyat, dövlət idarəçiliyi və gündəlik həyatın demək olar ki, bütün sahələrini əhatə edən qlobal informasiya mühitinə çevrilib. Son 35 il ərzində internet sadə veb-səhifələrdən süni intellekt, bulud texnologiyaları, elektron hökumət, rəqəmsal bankçılıq və onlayn təhsil kimi innovativ həllərə qədər böyük inkişaf yolu keçib.
Tədbirdə diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi dövlət qurumlarının internet resurslarının müasir standartlara uyğunlaşdırılması, funksionallığının artırılması və təhlükəsizlik tələblərinə cavab verəcək şəkildə yenilənməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Hazırda muxtar respublikanın 45-dən çox dövlət qurumunun rəsmi internet resursu "gov.az" domenində fəaliyyət göstərir.
Daha sonra Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzinin əməkdaşları Aytən Seyidova və Rüqəyyə Məmmədəliyeva tərəfindən Mərkəzin yenilənmiş rəsmi internet saytı (nptm.gov.az) və Çağrı Mərkəzi (288) təqdim olunub. Təqdimat zamanı hər iki xidmətin funksional imkanları, elektron xidmətləri, istifadəçi rahatlığını artıran yeniliklər və müasir dizayn həlləri barədə məlumat verilib.
Sonda bildirilib ki, ilk veb serverin yaradılması təkcə texnoloji yenilik deyil, həm də biliklərin sərbəst paylaşılmasına, informasiya mübadiləsinin sürətlənməsinə və qlobal rəqəmsal cəmiyyətin formalaşmasına zəmin yaradan tarixi hadisədir.












